ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin administrasiyasını Federal Aviasiya Administrasiyasının (FAA) fəaliyyətində problemlərə yol açmaqda ittiham edib. Bu açıqlama ABŞ-da 22 regional hava hərəkətini idarəetmə mərkəzində avadanlıq nasazlığı səbəbindən uçuşların dayandırılmasından sonra verilib.
PostNews xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bayden administrasiyası Federal Aviasiya Administrasiyası üçün fəlakətə çevrilib. Onların toxunduğu hər şey uğursuzluğa düçar olub. Böyük məbləğdə vəsait səmərəsiz xərclənib, köhnəlmiş və nasaz sistem isə onların hakimiyyətə gəlməsindən əvvəlki vəziyyətindən daha da pisləşib”, – deyə Tramp bildirib.
FAA 22 regional mərkəzdəki nasazlığa görə uçuşları dayandırıb
Məlumata görə, cümə günü Federal Aviasiya Administrasiyası 22 regional hava hərəkətini idarəetmə mərkəzində avadanlıqlarla bağlı yaranan problemlər səbəbindən uçuşları dayandırıb.
Hazırda agentlik hadisənin səbəblərini araşdırır. Bildirilir ki, bu, 2023-cü ilin yanvarında FAA-nın əsas kompüter sistemlərindən birində nasazlıq qeydə alındıqdan sonra ABŞ üzrə tətbiq edilən ilk belə uçuş məhdudiyyəti olub.
Qeyd edək ki, ölkə üzrə uçuşların sonuncu dəfə bu miqyasda dayandırılması 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktlarından sonra həyata keçirilib.



