Reklam
Reklam
Reklam

Riad Qasımov: Bakıda yeni şəhər submərkəzlərinin yaradılması vacibdir

Bakının gələcək inkişafı üçün daşınmaz əmlak bazarına cəlb olunan investisiyaların şəhərin müxtəlif əraziləri üzrə düzgün istiqamətləndirilməsi və yeni yaşayış zonalarında sosial, nəqliyyat və xidmət infrastrukturunun kompleks şəkildə qurulması vacibdir.

PostNews xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov AIREX 2026 – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Yenidənqurma və yeni baxış: Azərbaycanın şəhərsalma konsepsiyası” panelində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Bakının inkişaf potensialı böyükdür və bu potensialın reallaşdırılması üçün investorların və investisiyaların düzgün istiqamətləndirilməsi, şəhərin müxtəlif ərazilərində həyata keçirilən layihələrin uzunmüddətli perspektivlərinin nəzərə alınması zəruridir.

Bakıda yeni inkişaf zonaları üçün imkanlar var

Riad Qasımov bildirib ki, “Bakı Ağ Şəhər” layihəsində də göründüyü kimi, paytaxtın müxtəlif ərazilərində yeni inkişaf zonalarının yaradılması üçün geniş imkanlar mövcuddur.

Onun fikrincə, investorları cəlb etməklə yanaşı, həmin ərazilərin real potensialını nümayiş etdirmək, uğurlu layihələri nümunə kimi təqdim etmək və inkişaf üçün əlverişli məkanları düzgün müəyyənləşdirmək lazımdır.

Baş İdarə rəisi vurğulayıb ki, şəhərsalma layihələrinin əsas prioriteti sakinlərin rahat və komfortlu yaşayışının təmin edilməsidir.

Yeni şəhər submərkəzləri gündəlik ehtiyacları qarşılamalıdır

Riad Qasımovun sözlərinə görə, yeni yaradılan ərazilər və şəhər submərkəzləri sakinlərin gündəlik ehtiyaclarını ödəmək üçün zəruri infrastruktura malik olmalıdır.

Sakinlərin yaşadıqları ərazidə əsas xidmətlərdən istifadə edə bilməsi, gündəlik ehtiyaclar üçün şəhər mərkəzinə getmək məcburiyyətində qalmaması vacibdir.

O qeyd edib ki, əhalinin hər gün şəhər mərkəzinə və geriyə hərəkətinin artması nəqliyyat sisteminə əlavə yük yaradır və şəhərdaxili hərəkətdə gərginliyi artırır.

Bu səbəbdən yeni yaşayış və iş mərkəzlərinin düzgün planlaşdırılması, sosial və nəqliyyat infrastrukturunun kompleks şəkildə inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Polisentik şəhər modeli Bakının inkişafına töhfə verəcək

Riad Qasımov hesab edir ki, düzgün seçilmiş ərazilərə məqsədyönlü investisiyaların yatırılması və müasir şəhərsalma layihələrinin həyata keçirilməsi Bakının gələcək inkişafının əsas istiqamətlərindəndir.

Onun sözlərinə görə, polisentik şəhərsalma yanaşması paytaxtın daha balanslı, rahat və dayanıqlı inkişafına, eləcə də sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.

Paylaş: