Reklam
Reklam
Reklam

Qarabağda daimi məskunlaşma üçün hotellər, logistika və muzey kompleksləri yaradılacaq

Qarabağ və Şərqi Zəngəzurun bərpası çərçivəsində yaşayış evləri ilə yanaşı, hotellərin, logistika və konqres mərkəzlərinin, yeni iş yerləri yaradan obyektlərin, eləcə də Zəfər və İşğal muzeylərinin inşası nəzərdə tutulur. Məqsəd insanların azad edilmiş ərazilərə yalnız müvəqqəti səfər etməsini deyil, burada daimi yaşamasını və fəaliyyət göstərməsini təmin etməkdir.

PostNews xəbər verir ki, bu barədə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev AIREX 2026 – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Yenidənqurma və yeni baxış: Azərbaycanın şəhərsalma konsepsiyası” panelində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız yaşayış binalarının və infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Əsas hədəflərdən biri dayanıqlı məskunlaşmanın təmin edilməsi və insanların həmin ərazilərə daimi yaşayış, iş və fəaliyyət məqsədilə qayıtmasıdır.

Qarabağda daşınmaz əmlak anlayışı genişləndirilir

Rəhman Hacıyev bildirib ki, daşınmaz əmlak anlayışına yalnız yaşayış evləri və mənzillər daxil deyil. Bu kateqoriyaya hotellər, logistika mərkəzləri, konqres mərkəzləri və yeni iş yerlərinin yaradılmasına xidmət edən digər obyektlər də aiddir.

Fond rəhbərinin fikrincə, belə obyektlərin yaradılması azad edilmiş ərazilərdə iqtisadi fəallığın artması və insanların daimi məskunlaşması baxımından mühüm əhəmiyyət daşıyır.

O, tarixi məkanların, abidələrin və yeni muzeylərin də daşınmaz əmlakın mühüm tərkib hissəsi olmaqla yanaşı, xüsusi rəmzi məna daşıdığını qeyd edib.

Qarabağ şəhərlərində Zəfər və İşğal muzeyləri yaradılacaq

Rəhman Hacıyev bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Zəfər və İşğal muzeylərini əhatə edən geniş muzeylər sisteminin yaradılması istiqamətində işlər aparılır.

Onun sözlərinə görə, Qarabağın hər bir şəhərində işğal tarixini və Zəfəri əks etdirən böyük komplekslərin yaradılması nəzərdə tutulur. Qarabağ Dirçəliş Fondu da bu layihənin maliyyələşdirilməsində iştirak edir.

Fond rəhbəri bəzi dağıdılmış yaşayış evlərinin konservasiyasının və muzey komplekslərinin tərkibinə daxil edilməsinin də nəzərdə tutulan yanaşmalardan biri olduğunu bildirib.

Bu addımların tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıdığı vurğulanıb.

Qarabağda əvvəlkindən daha müasir yaşayış mühiti yaradılır

Rəhman Hacıyev qeyd edib ki, yenidənqurma əvvəlki tikililərin olduğu kimi bərpası demək deyil.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda müasir standartlara əsaslanan, əvvəlkindən daha yüksək keyfiyyətli yaşayış və infrastruktur mühitinin yaradılması hədəflənir.

Bu yanaşma regionda yalnız fiziki bərpanı deyil, iqtisadi fəallığın, sosial infrastrukturun və dayanıqlı məskunlaşmanın inkişafını da əhatə edir.

Paylaş: