Reklam
Reklam
Reklam

Ombudsman 2027-ci ilin büdcəsində sosial və səhiyyə xərclərinin artırılmasını təklif edib

Ombudsman Səbinə Əliyeva 2027-ci ilin dövlət büdcəsində ahıl və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmətlərin genişləndirilməsi, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı, eləcə də hemofiliya və onkoloji xəstələrin müalicəsi üçün maliyyə vəsaitlərinin artırılmasını təklif edib.

PostNews xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva bu təklifləri Milli Məclisin dörd komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Ombudsman bildirib ki, büdcə layihəsinin müzakirəsi ölkənin strateji vəzifələrinin həyata keçirilməsi üçün zəruri maliyyə imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, təkliflər Ombudsman Aparatına daxil olan müraciətlərin təhlili və monitorinqlərin nəticələri əsasında hazırlanıb.

Ahıl şəxslərə sosial xidmətlərin əhatəsi genişləndirilməlidir

Səbinə Əliyeva tənha, özünəqulluq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslərə evdə göstərilən sosial xidmətlərin əhatəsinin genişləndirilməsini təklif edib.

O, həmçinin regionlarda səyyar sosial xidmətlərin inkişaf etdirilməsini, uzunmüddətli qulluq xidmətlərinin kadr və maddi-texniki təminatının yaxşılaşdırılmasını vacib hesab edib. Bu istiqamətlər üzrə dövlət büdcəsində maliyyə təminatının gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı

Ombudsman regionlarda tibbi və sosial reabilitasiya xidmətləri şəbəkəsinin genişləndirilməsini də təkliflər sırasına daxil edib.

Onun fikrincə, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların fərdi ehtiyaclarına uyğun protez-ortopedik məmulatlar, müasir reabilitasiya və digər köməkçi vasitələrlə vaxtında təmin olunması üçün büdcə ayırmaları artırılmalıdır.

S.Əliyeva regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsinin də əhəmiyyətini qeyd edib.

Hemofiliya və onkoloji xəstələrin müalicəsinə əlavə vəsait təklif olunur

Səbinə Əliyeva hemofiliyalı şəxslərin zəruri dərman preparatlarına vaxtında və fasiləsiz çıxışının təmin edilməsini vacib sayıb. Bu məqsədlə preparatların regional tibb müəssisələri vasitəsilə əlçatanlığının artırılması və təcili hallar üçün ehtiyatların yaradılması istiqamətində maliyyə vəsaitlərinin ayrılmasını təklif edib.

Ombudsman onkoloji xəstələrin müasir müalicə üsullarına və yüksək effektivliyə malik dərman preparatlarına çıxışının genişləndirilməsinə də diqqət çəkib. Xüsusilə innovativ şişəleyhinə preparatlarla təminatın artırılması, diaqnostika və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulmasını məqsədəuyğun hesab edib.

Bununla yanaşı, səhiyyə sistemində süni intellekt əsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının təhlükəsiz və mərhələli tətbiqinin maliyyələşdirilməsini təklif edib. Bildirib ki, bu texnologiyalar xüsusilə regionlarda xəstəliklərin erkən aşkarlanmasına və ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə kömək edə bilər.

İnklüziv təhsil və uşaqların rəqəmsal təhlükəsizliyi

Ombudsman uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsiz və sağlam mühitdə inkişafı, keyfiyyətli təhsilə bərabər çıxış imkanlarının genişləndirilməsinin büdcənin sosial istiqamətlərində xüsusi diqqət tələb etdiyini bildirib.

Bu baxımdan, inklüziv təhsilin inkişaf etdirilməsi, xüsusi təhsil ehtiyacları olan uşaqların təhsil prosesində bərabər iştirakının təmin olunması üçün məktəblərin uyğunlaşdırılması, fərdi dəstək xidmətlərinin təşkili və ixtisaslı mütəxəssislərlə təminat məqsədilə maliyyə resurslarının ayrılmasını təklif edib.

S.Əliyeva uşaqların kibertəhdidlərdən, onlayn zorakılıqdan və fərdi məlumatlarının qanunsuz istifadəsindən müdafiəsinə yönəlmiş maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin artırılmasını da vacib hesab edib.

Rəqəmsallaşma və əmək bazarı ilə bağlı təkliflər

Ombudsman rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri fonunda işçilərin yenidənhazırlanması və rəqəmsal bacarıqlarının inkişafı üzrə proqramlara maliyyə dəstəyinin göstərilməsini təklif edib.

Onun sözlərinə görə, dövlət xidmətlərinin rəqəmsallaşdırılması zamanı həssas qruplar üçün əlçatan və alternativ xidmət imkanlarının inkişafına yönəlmiş tədbirlərin maliyyələşdirilməsinə də ehtiyac var.

S.Əliyeva ucqar yaşayış məntəqələrində sosial əhəmiyyət daşıyan, lakin kommersiya baxımından az rentabelli olan sərnişindaşıma marşrutlarının maliyyə mexanizmləri vasitəsilə dəstəklənməsini də təkliflərə daxil edib.

İqlim dəyişmələri və təbii fəlakət riskləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi zamanı həssas qrupların ehtiyaclarının nəzərə alınmasının vacibliyini vurğulayıb. Buraya əlçatan təxliyə, müvəqqəti yerləşdirmə və sosial yardım imkanları daxildir.

Ombudsman Aparatının fəaliyyətinin gücləndirilməsi təklif olunur

Səbinə Əliyeva Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı təkliflərini də səsləndirib.

O bildirib ki, Konstitusiya Qanunu ilə nəzərdə tutulmuş milli preventiv və müstəqil monitorinq qruplarının fəaliyyətinin davamlılığını təmin etmək üçün onların kadr və maddi-texniki təminatına dair xərclər dövlət büdcəsində nəzərə alınmalıdır.

Ombudsman qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Aparatın fəaliyyətinin geniş olduğunu qeyd edərək, normativ hüquqi akt layihələrinin hüquqi ekspertizasını aparmaq, rəy və təkliflər hazırlamaq üçün ayrıca struktur bölmənin yaradılmasını və həmin bölmənin zəruri ştat vahidləri ilə təmin edilməsini təklif edib.

Bundan başqa, elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi və yenilənməsi, vahid rəqəmsal dövlət platformalarına inteqrasiya üçün maliyyə vəsaitinin ayrılmasını vacib sayıb.

S.Əliyeva Ombudsman Aparatının Çağrı Mərkəzində süni intellekt əsaslı texnoloji həllərin tətbiqi üçün də maliyyə və texniki dəstəyin göstərilməsinin insan hüquqlarının daha çevik və effektiv müdafiəsinə töhfə verəcəyini bildirib.

Ombudsman qeyd edib ki, səsləndirilən təkliflərin ölkənin inkişaf prioritetləri və dövlət büdcəsinin imkanları nəzərə alınmaqla mərhələli şəkildə həllini tapacağına inanır.

Paylaş: