Sea Breeze Resort ərazisində, Xəzər dənizinin birinci sahil xəttində inşa edilən Gold Residence Monaco yaşayış kompleksinə alıcı marağı yüksək olaraq qalır. Layihədə mənzillərin böyük hissəsinin artıq satıldığını bildirən Gold Residence-in satış direktoru Natavan Seyidzadə sərgidə iştirakın əsas məqsədinin qalan mənzillərin təqdimatı ilə yanaşı, potensial müştərilərin kompleksin xüsusiyyətləri və yaşayış imkanları barədə məlumatlandırılması olduğunu deyib. O, bu barədə PostNews-a açıqlamasında bildirib.
N.Seyidzadənin sözlərinə görə, Gold Residence Monaco Sea Breeze Resort-un birinci sahil xəttində, süni Aypara adasının yaxınlığında yerləşən premium yaşayış layihəsidir. Kompleksin əsas üstünlüklərindən biri onun ailəvi yaşayış konsepsiyası əsasında hazırlanmasıdır.
Satış direktoru qeyd edib ki, layihəyə maraq yüksək olduğundan mənzillərin böyük hissəsi artıq satılıb. Buna baxmayaraq, şirkət sərgidə iştirak etməklə potensial alıcıların layihə ilə daha yaxından tanış olmasını, kompleksin memarlıq xüsusiyyətləri, yaşayış konsepsiyası və təqdim etdiyi imkanlar barədə ətraflı məlumat əldə etməsini hədəfləyir:
“Gold Residence Monaco layihəsində satışlar yüksək səviyyədə davam edib və mənzillərimizin böyük hissəsi artıq satılıb. Hazırda satışda az sayda mənzil qalıb. Buna baxmayaraq, sərgidə iştirak edirik. Əsas məqsədimiz potensial müştərilərin layihəmizlə tanış olması, kompleksin üstünlükləri və premium ailəvi yaşayış konsepsiyası barədə ətraflı məlumat əldə etməsidir.
Layihəyə maraq kifayət qədər yüksəkdir. Xüsusilə kompleksin otel tipli deyil, ailələrin daimi və rahat yaşayışı üçün nəzərdə tutulmuş premium yaşayış layihəsi olması alıcıların diqqətini cəlb edir”.
Gold Residence Monaco-nun xüsusiyyətləri
Gold Residence Monaco Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsində, Sea Breeze Resort-un birinci sahil xəttində inşa edilir. Layihə süni Aypara adasının və Royale Casino kompleksinin yaxınlığında yerləşir.
Təqdim olunan layihə məlumatlarına əsasən, yaşayış kompleksi ümumilikdə 6 korpusdan ibarət olacaq. Binaların memarlıq həllində mənzərələrin qarşılıqlı şəkildə bağlanmaması üçün pilləli struktur tətbiq edilib. Ön hissədə 17, arxa hissədə isə 27 mərtəbəli binaların inşası nəzərdə tutulub.
Kompleksdə 58-296 kvadratmetr arasında dəyişən sahələrə malik 2, 3 və 4 otaqlı mənzillər təklif olunur. Mənzillər təmirsiz, yəni pod-mayak vəziyyətində təhvil veriləcək. Layihənin 2029-cu ilin dekabrında tamamlanması planlaşdırılır.
Layihənin infrastrukturu və yaşayış imkanları
Gold Residence Monaco sakinlərinin həm yaşayış kompleksinin, həm də Sea Breeze Resort-un infrastrukturundan yararlanması nəzərdə tutulur. Layihə çərçivəsində dörd açıq üzgüçülük hovuzu, fitnes və SPA mərkəzləri, uşaq istirahət zonaları, ofis və iş məkanları, konsyerj və resepsion xidmətləri, eləcə də avtodayanacaq sahələri yaradılacaq.
Bundan başqa, sakinlərin Sea Breeze Resort-un 7 kilometrlik çimərliyinə, gəzinti zonalarına, Marina Village yaxta klubuna, restoranlara, mağazalara və digər istirahət obyektlərinə çıxışı olacaq.
Gold Group-un digər layihələri
Natavan Seyidzadə açıqlamasında Gold Group-un Bakı şəhərində həyata keçirdiyi digər tikinti layihələrinə də toxunub.
Onun sözlərinə görə, şirkətin Gold Residence brendi altında Şəfaət Mehdiyev küçəsində, Yasamal rayonunda və Fətəli xan Xoyski prospektində müxtəlif layihələri davam edir. Şirkət daha əvvəl həyata keçirdiyi bəzi layihələri də təhvil verib.
Satış direktoru yaxın gələcəkdə Gold Group-un daha genişmiqyaslı yeni layihəsinin də təqdim olunacağını bildirib. Sözügedən layihənin təxminən 6-7 hektar ərazini əhatə etməsi nəzərdə tutulur.



