Reklam
Reklam
Reklam

Mədət Əlimədətli: “Daşınmaz əmlak bazarında alıcılar artıq yalnız mənzilin kvadratmetr qiymətinə baxmırlar”

Azərbaycanda daşınmaz əmlak bazarında alıcıların seçim meyarları dəyişir. Mənzil alarkən qiymətlə yanaşı, yaşayış kompleksinin infrastrukturu, layihənin memarlıq xüsusiyyətləri, sosial imkanları və təqdim etdiyi əlavə xidmətlər də mühüm rol oynamağa başlayır.

ETAGI Azerbaijan şirkətinin Baş Əməliyyat Direktoru Mədət Əlimədətli AIREX 2026 beynəlxalq daşınmaz əmlak sərgisində PostNews-a açıqlamasında bazardakı tendensiyalar, yeni yaşayış layihələrinə maraq və sərginin investisiya imkanlarının genişləndirilməsində rolu barədə danışıb.

M.Əlimədətlinin sözlərinə görə, ETAGI Azerbaijan sərgidə bir neçə tikinti şirkətinin və yaşayış layihəsinin təmsil olunduğu geniş pavilyonla iştirak edib.

Onun bildirdiyinə görə, pavilyonda Digital, Monaco Residence, Villa Badam, BI Group, Renaissance Group və Art Tower kimi şirkət və layihələr təqdim olunub. Bu əməkdaşlıq agentliyə müxtəlif yaşayış layihələrini vahid platformada birləşdirmək və potensial alıcılara daha geniş seçim imkanı yaratmaq şəraiti yaradıb.

Baş Əməliyyat Direktoru qeyd edib ki, ETAGI Azerbaijan beynəlxalq daşınmaz əmlak agentliyi kimi həm yerli, həm də qlobal bazarda fəaliyyət göstərsə də, əsas diqqətini Bakı şəhərindəki yaşayış layihələrinin satışına yönəldir. Şirkət müxtəlif tikinti şirkətləri ilə əməkdaşlıq edir və bu tərəfdaşlıq sərgidə bir neçə layihənin eyni pavilyonda təqdim olunmasına imkan verib.

Mədət Əlimədətli bildirib ki, AIREX 2026 çərçivəsində pavilyonda təmsil olunan layihələr üzrə ziyarətçilərə xüsusi satış və ödəniş şərtləri, eləcə də eksklüziv mənzil təklifləri təqdim edilib.

Daşınmaz əmlak bazarında yeni tendensiyalar

Mədət Əlimədətli AIREX 2026-nın daşınmaz əmlak sektorunda marketinq və satış strategiyalarının inkişafı baxımından əhəmiyyətini də vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda tikinti sektoru inkişaf edir, müxtəlif ərazilərdə yeni yaşayış və çoxfunksiyalı komplekslər inşa olunur. Ağ Şəhər, Koroğlu istiqaməti və digər ərazilərdə həyata keçirilən layihələr bazarda təkliflərin genişləndiyini göstərir.

Baş Əməliyyat Direktoru hesab edir ki, tikinti şirkətlərinin beynəlxalq sərgilərə və bu tip marketinq platformalarına marağının artması sektorun inkişafına müsbət təsir göstərir. Yeni layihələrin reallaşdırılması daha geniş maliyyə imkanlarına və investisiyalara ehtiyac yaratdığından, belə tədbirlər yerli və xarici investorlar arasında əlaqələrin qurulması baxımından da əhəmiyyət daşıyır:

“Daşınmaz əmlak bazarının inkişaf etdiyini görürük. Hazırda müxtəlif ərazilərdə kifayət qədər geniş tikinti işləri aparılır, yeni yaşayış və çoxfunksiyalı komplekslər bazara daxil olur. Ağ Şəhərdə, Koroğlu istiqamətində və digər ərazilərdə yeni layihələr həyata keçirilir.

AIREX 2026-da müşahidə etdiyim əsas məqamlardan biri şirkətlərin bu cür tədbirlərə və marketinq strategiyalarına daha çox diqqət ayırmasıdır. Yeni layihələr artdıqca onların maliyyələşdirilməsi və inkişafı üçün investisiya ehtiyacı da genişlənir. Bu baxımdan, belə sərgilərin sayının artacağını və daşınmaz əmlak sektoruna investisiya marağının daha da güclənəcəyini gözləyirik”.

Mənzil seçimində infrastruktur və yaşayış konsepsiyası ön plana çıxır

ETAGI Azerbaijan-ın Baş Əməliyyat Direktoru daşınmaz əmlak bazarında alıcı davranışlarının dəyişdiyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, əvvəlki dövrlərdə mənzil seçimində əsas meyarlar sahə və kvadratmetrin qiyməti idisə, hazırda alıcılar yaşayış kompleksinin ümumi konsepsiyasına, infrastrukturuna və təqdim etdiyi imkanlara daha çox əhəmiyyət verirlər.

Mədət Əlimədətli hesab edir ki, müasir alıcılar artıq yalnız mənzilin yerləşdiyi binanı deyil, həmin ərazidə formalaşdırılan yaşayış mühitini də qiymətləndirirlər. Bu isə daşınmaz əmlak bazarında kompleks yaşayış layihələrinin rolunu artırır.

O, bu tendensiyanı belə şərh edib:

“Artıq daşınmaz əmlak bazarına yanaşma əvvəlki kimi deyil. Əvvəllər alıcılar əsasən mənzilin sahəsinə və bir kvadratmetrinin qiymətinə diqqət yetirirdilər. İndi isə seçim zamanı layihənin ümumi konsepsiyası, yaşayış şəraiti, infrastrukturu və əlavə üstünlükləri daha böyük əhəmiyyət daşıyır.

Məsələn, binada hovuzun, restoranın, kommersiya sahələrinin və digər xidmətlərin mövcudluğu alıcıların qərarına təsir edir. Eyni zamanda, 15-20 binadan ibarət olan, vahid memarlıq və abadlaşdırma konsepsiyası əsasında qurulan yaşayış komplekslərinə maraq artır.

Bazar getdikcə fərdi mənzil seçimindən daha geniş yaşayış konsepsiyasına doğru inkişaf edir. Alıcılar artıq yalnız mənzil deyil, bütöv bir yaşayış mühiti əldə etmək istəyirlər”.

Paylaş: