Azərbaycanda sığorta bazarının həcmi artmaqda davam edir. 2025-ci ildə ölkədə fəaliyyət göstərən 16 sığorta şirkətinin xətti ilə 1,5 milyard manat sığorta haqqı toplanıb, ödənişlərin məbləği isə 920 milyon manata çatıb.
PostNews xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov İİTKM, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanan “InsurTech” dərs vəsaitinin təqdimat mərasimində bildirib.
Vüsal Qurbanov qeyd edib ki, texnologiya sığorta sektorunu yeni mərhələyə çıxarır. Əvvəllər yüzlərlə və minlərlə sığorta hadisəsi və ehtimalı təhlil edilirdisə, “Big Data” vasitəsilə bu göstəricilər artıq milyonlarla hadisəni əhatə edir.
Baş direktor vurğulayıb ki, bu yanaşma sığorta tariflərinin, sığorta əhatəliliyinin və təminatın formalaşdırılmasında texnoloji alətlərin rolunu artırır:
“Sığortaçılığın inkişafında texnoloji vasitələr artıq əsas iştirakçıdır. Texnologiyalar qiymətləndirmə modellərinə geniş imkanlar yaradır, rəqabət mühiti formalaşdırır və ödənişlərin həyata keçirilməsində effektivliyi artırır”, – deyə o bildirib.
O həmçinin qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı strateji prioritetləri çərçivəsində “InsurTech” texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirir, bu da sığorta əhatəliliyinin artırılmasına və rəqabət mühitinin möhkəmlənməsinə xidmət edir.
