Reklam
Reklam
Reklam

İRİA jurnalistlər üçün kibertəhlükəsizlik mövzusunda infosessiya keçirib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) jurnalistlərin rəqəmsal savadlılığının artırılması, informasiya təhlükəsizliyinin qorunması və süni intellekt alətlərindən təhlükəsiz istifadə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə maarifləndirici infosessiya təşkil edib.

PostNews xəbər verir ki, tədbir İRİA-nın “Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində media nümayəndələri üçün kibertəhlükəsizlik istiqamətində keçirilib.

Layihənin əsas məqsədi jurnalistlərin rəqəmsal savadlılığını artırmaq, informasiya təhlükəsizliyi və yeni texnologiyalardan təhlükəsiz istifadə sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir.

İRİA rəsmisi media subyektlərinin informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Tədbirin açılışında çıxış edən İRİA İdarə Heyəti sədrinin müavini Şahin Əliyev rəqəmsal texnologiyaların və süni intellektin inkişafı fonunda kibertəhlükəsizlik risklərinin artdığına diqqət çəkib. O, xüsusilə media subyektlərinin informasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Şahin Əliyev informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetləri, qəbul edilmiş strateji sənədlər, eləcə də İRİA-nın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

Jurnalistlərə süni intellekt alətlərindən təhlükəsiz istifadə qaydaları izah olunub

İnfosessiya çərçivəsində İRİA-nın İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti və kibertəhlükəsizlik sahəsində həyata keçirilən təşəbbüslər haqqında danışıb.

Daha sonra Mərkəzin mütəxəssisi Ülkər Əmirova jurnalistlərin gündəlik iş prosesində süni intellekt alətlərindən təhlükəsiz istifadəsi, informasiya mənbələrinin məxfiliyinin qorunması və məlumatların üçüncü tərəflərə ötürülməsi ilə bağlı yarana biləcək risklər barədə təqdimatla çıxış edib.

Mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə iştirakçılar üçün interaktiv oyun da təşkil olunub.

Kibertəhdidlər simulyasiya hücumları vasitəsilə nümayiş etdirilib

Tədbirin davamında Mərkəzin baş mütəxəssisi Fərzəli Vəliyev süni intellekt alətlərindən istifadə zamanı yarana biləcək təhlükəsizlik risklərinə dair təqdimat keçirib.

O, simulyasiya hücumları vasitəsilə mümkün kibertəhdidləri və onların nəticələrini əyani şəkildə nümayiş etdirib, risklərin qiymətləndirilməsi və onlardan qorunma yollarını izah edib.

İnfosessiya sual-cavab sessiyası ilə yekunlaşıb. “Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində bu formatda maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Paylaş: