Azərbaycanın 2027-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat vəsait nəzərdə tutulub. Bu, cari ilin göstəricisi ilə müqayisədə 100 milyon manat çoxdur. Hərbi qulluqçuların mənzil təminatı və kirayə kompensasiyalarının ödənilməsi üçün isə 30 milyon manatadək vəsait ayrılması planlaşdırılır.
PostNews xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, deputat Ziyafət Əsgərov parlamentin dörd komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, 2027-ci il dövlət büdcəsinin gəlirləri 39,25 milyard manat, xərcləri isə 44,4 milyard manat proqnozlaşdırılır. Büdcə xərclərinin cari illə müqayisədə 696,4 milyon manat artırılması nəzərdə tutulur.
Müdafiə və milli təhlükəsizlik xərcləri artırılır
Ziyafət Əsgərov bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklər, regional münaqişələr və kiberhücumlar təhlükəsizlik çağırışlarını artırır. Belə şəraitdə Azərbaycanın müdafiə potensialının möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılması nəzərdə tutulub. Bu məbləğ 2026-cı ilin göstəricisindən 100 milyon manat çoxdur.
Deputat qeyd edib ki, əsaslı xərclər bölməsində müdafiə sahəsinə 4 milyard manat yönəldiləcək.
Həmçinin uzunmüddətli xidmət keçmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi, eləcə də kirayədə yaşayan və yaşayış sahəsi olmayan hərbi qulluqçulara kompensasiyaların ödənilməsi üçün ümumilikdə 30 milyon manatadək vəsait ayrılması planlaşdırılır.
Sosial xərclər büdcənin 44,2 faizini təşkil edəcək
Z.Əsgərovun sözlərinə görə, 2027-ci il dövlət büdcəsində sosial yönümlü xərclərin payı 44,2 faiz olacaq. Bu istiqamət üzrə vəsaitlərin cari ilin göstəricisi ilə müqayisədə 9,2 faiz artırılması nəzərdə tutulur.
Deputat bildirib ki, sosial xərclərin artırılması əhalinin rifahının qorunması və yüksəldilməsi baxımından əhəmiyyətlidir.
Təhsil sahəsinə ayrılan vəsaitlər təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyinin genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına yönəldiləcək. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və peşə təhsilinin inkişafı da prioritet istiqamətlər sırasındadır.
Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil imkanlarının genişləndirilməsi məqsədilə təhsil tələbə kreditlərinin maliyyələşdirilməsinə 35 milyon manat ayrılması nəzərdə tutulub. Ziyafət Əsgərov Qarabağ Universitetinin fəaliyyətinə, SABAH proqramlarına və ali təhsilin keyfiyyətinin artırılmasına yönələn maliyyələşməni də diqqətə çatdırıb.
Elm xərcləri 2,26 milyard manata çatdırılır
Deputatın sözlərinə görə, 2027-ci ildə elm xərclərinin 2 milyard 257,9 milyon manata çatdırılması və əvvəlki illə müqayisədə 12,4 faiz artırılması planlaşdırılır.
O bildirib ki, ayrılan vəsaitlərin səmərəli istifadəsi, elmlə təhsilin inteqrasiyasının gücləndirilməsi və elmi nəticələrin ölkənin iqtisadi inkişafına töhfəsinin artırılması əsas məsələlərdəndir.
Qeyri-neft-qaz sektorunda 2,6 faizlik artım qeydə alınıb
Ziyafət Əsgərov iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, investisiya fəallığının artırılması və strateji iqtisadi layihələrin həyata keçirilməsinin 2027-ci il büdcə siyasətinin əsas istiqamətləri olduğunu vurğulayıb.
O qeyd edib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz sektorunda ümumi daxili məhsul 2,6 faiz artıb. İqtisadiyyatın sahələri üzrə yaradılmış əlavə dəyərin strukturunda sənayenin payı 34,3 faiz təşkil edib. Kənd təsərrüfatında isə 6,6 faizlik artım qeydə alınıb.
Deputat 2027-ci ildə ümumi daxili məhsulun, o cümlədən qeyri-neft ÜDM-in daha yüksək olacağının proqnozlaşdırıldığını bildirib.
Böyük Qayıdış büdcənin prioritetləri sırasındadır
İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın davam etdirilməsi də 2027-ci il dövlət büdcəsinin mühüm istiqamətləri sırasında yer alır.
Z.Əsgərovun sözlərinə görə, həmin ərazilərdə quruculuq işlərinin davam etdirilməsi, dayanıqlı yaşayış şəraitinin yaradılması və əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması qarşıdakı ilin prioritetlərindəndir.
Deputat əlavə edib ki, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi də büdcənin mühüm istiqamətlərindəndir. Bu sahələrə ayrılan vəsaitlərin qanunun aliliyinin təmin edilməsinə, hüquqi təhlükəsizliyin möhkəmləndirilməsinə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə xidmət etməsi nəzərdə tutulur.



