Reklam
Reklam
Reklam

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək – digər dəyişikliklər açıqlanıb

Azərbaycanda 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Aprelin 1-dən isə əməkhaqlarının elektron sistem vasitəsilə nağdsız ödənilməsinə başlanılacaq. Bununla yanaşı, 3 yaşınadək uşağa qulluğa görə müavinətin 100 manata çatdırılması və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya qaydalarının dəyişdirilməsi nəzərdə tutulur.

PostNews xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında qanunvericiliyə təklif olunan dəyişiklikləri təqdim edərkən məlumat verib.

Deputat bildirib ki, Əmək Məcəlləsinə, daha beş məcəlləyə, dörd əsasnaməyə və 16 qanuna dəyişiklik təklif olunur. Ümumilikdə 26 qanunvericilik aktına aid olan yeniliklər dörd əsas istiqaməti əhatə edir.

Saatlıq və minimum saatlıq əməkhaqqı sistemi yaradılır

Musa Quliyevin sözlərinə görə, dəyişikliklərin əsas istiqamətlərindən biri saatlıq əməkhaqqı sisteminin tətbiqidir. Hazırda Azərbaycanda əməyin ödənilməsi əsasən vaxtamuzd, işəmuzd və digər formalarda həyata keçirilir, minimum əməkhaqqı isə aylıq dövr üzrə müəyyən olunur.

Deputat qeyd edib ki, mövcud yanaşma natamam iş saatları ilə çalışan, mövsümi və qısamüddətli işlərə cəlb olunan şəxslərin əməyinin ödənilməsində müəyyən çətinliklər yaradır.

Təklif olunan dəyişikliklərə əsasən, minimum saatlıq əməkhaqqının məbləği minimum aylıq əməkhaqqının bir saatına düşən məbləğdən az ola bilməyəcək. Saatlıq əməkhaqqı sisteminin tətbiq ediləcəyi iqtisadi fəaliyyət növlərinin siyahısını Nazirlər Kabineti müəyyən edəcək.

Əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda əməyin ödənilməsində saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.

M.Quliyev bildirib ki, bu mexanizm kənd təsərrüfatı, ictimai iaşə, turizm, məişət xidməti, daşıma xidmətləri və informasiya texnologiyaları kimi sahələrdə çalışanların əməkhaqqının daha çevik hesablanmasına imkan verə bilər. Sistem həmçinin tələbələrin, pensiyaçıların və azyaşlı uşaqları olan qadınların əmək bazarına çıxışını asanlaşdırmaq, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsini təşviq etmək məqsədi daşıyır.

Əməkhaqları elektron sistemlə nağdsız ödəniləcək

Qanunvericiliyə təklif olunan ikinci əsas dəyişiklik əməkhaqqı ödənişlərinin elektronlaşdırılmasıdır.

Musa Quliyev bildirib ki, yeni sistemdə işçinin işlədiyi saatlar, qazandığı əməkhaqqı və ona ödənilən məbləğ elektron qaydada qeydə alınacaq. Əməkhaqqı və digər ödənişlər işçinin seçdiyi bank hesabına elektron sistem vasitəsilə köçürüləcək.

Bu mexanizmin əməkhaqlarının düzgün hesablanmasına, vaxtında ödənilməsinə və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edəcəyi bildirilir. Eyni zamanda, dövlət orqanlarının işəgötürənlərin ödənişlərinə nəzarət imkanları genişlənəcək.

Deputatın sözlərinə görə, elektronlaşdırma əməkhaqlarının gecikdirilməsi, azaldılması və gizlədilməsi kimi halların aşkarlanmasına, qeyri-formal məşğulluğun qarşısının alınmasına da kömək edəcək.

Yeni sistem çərçivəsində məcburi dövlət sosial sığorta haqlarının işçilərin fərdi hesablarına avtomatik daxil edilməsi, ezamiyyət, məzuniyyət və müvəqqəti əmək qabiliyyətsizliyi hallarında orta əməkhaqqının avtomatik hesablanması da mümkün olacaq.

Uşağa qulluğa görə müavinət 100 manata çatdırılır

Təklif olunan dəyişikliklərin digər istiqaməti uşağa qulluğa görə sosial məzuniyyət və müavinətlərin tənzimlənməsi ilə bağlıdır.

Musa Quliyev bildirib ki, hazırda bir yaş yarımadək uşaqlara görə 44 manat, bir yaş yarımdan üç yaşadək uşaqlara görə isə 28 manat müavinət ödənilir. Qanun layihəsinə əsasən, bu məbləğlərin artırılaraq 100 manata çatdırılması nəzərdə tutulur.

Bundan başqa, qanunvericilikdə istifadə olunan “qismən ödənişli sosial məzuniyyət” anlayışının “uşağa qulluğa görə sosial məzuniyyət” ifadəsi ilə əvəz edilməsi təklif olunur.

Deputatın sözlərinə görə, həm hamiləliyə və doğuma görə, həm də 3 yaşınadək uşağa qulluğa görə müavinətlər “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sosial sığorta müavinəti kimi təyin və ödəniləcək. Bu ödənişlər sığortaolunanın ödədiyi sosial sığorta haqları ilə əlaqələndiriləcək.

İstifadə edilməyən məzuniyyətlərə görə kompensasiya qaydası dəyişir

Qanun layihəsinin dördüncü istiqaməti əmək məzuniyyəti hüququnun təminatı ilə bağlıdır.

Təklifə əsasən, məzuniyyətin başqa vaxta keçirilməsinin halları dəqiqləşdiriləcək. Məzuniyyət işçinin xəstələnməsi, sosial məzuniyyətlə üst-üstə düşməsi, ezamiyyətə göndərilməsi, istehsal zərurəti və tərəflərin qarşılıqlı razılığı kimi hallarda başqa vaxta keçirilə biləcək. İstehsal zərurəti yarandıqda bunun üçün işçinin razılığı tələb olunacaq.

İstifadə edilməmiş məzuniyyət günlərinin növbəti ilin məzuniyyətinə birləşdirilməsi də tərəflərin razılığı əsasında mümkün olacaq.

Musa Quliyev bildirib ki, istifadə edilməmiş və növbəti ilə keçirilməmiş məzuniyyət günlərinə görə işçinin yazılı və ya elektron ərizəsi əsasında kompensasiya ödənilməsi nəzərdə tutulur.

Eyni zamanda, qanunla müəyyən edilmiş 21 günlük minimum əmək məzuniyyətinin pulla əvəz edilməsinin qadağan olunması təklif edilir. Bu qadağa əmək müqaviləsinə xitam verilərkən tətbiq edilməyəcək. Əmək müqaviləsi ləğv olunduqda isə əsas və əlavə məzuniyyətlərə görə kompensasiya ödənilməsi nəzərdə tutulur.

Naxçıvanda sahibkarlara sosial sığorta güzəşti veriləcək

Qanun layihəsində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-dövlət sektoru sığortaedənləri üçün də güzəşt nəzərdə tutulur.

Təklifə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan qeyri-dövlət sektoru sığortaedənlərinin ödədiyi məcburi dövlət sosial sığorta haqları 2036-cı il yanvarın 1-dək tam şəkildə dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.

Güzəşt neft-qaz, maliyyə və avtomobil nəqliyyatı ilə yükdaşıma sahələrinə, eləcə də dövlət büdcəsi hesabına mal və xidmət təqdim edən podratçılara şamil edilməyəcək. Bununla belə, muxtar respublikada istehsal fəaliyyəti göstərən rezident podratçılar güzəştdən istifadə edə biləcəklər.

Musa Quliyev bildirib ki, bu mexanizm Naxçıvanda yeni iş yerlərinin yaradılmasını, rəsmi məşğulluğun və yerli istehsalın inkişafını stimullaşdırmaq məqsədi daşıyır. Dəyişikliyin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Yeni əmək qaydaları nə vaxt qüvvəyə minəcək?

Deputatın təqdim etdiyi qanun layihəsinə əsasən, dəyişikliklərin müxtəlif tarixlərdə mərhələli şəkildə qüvvəyə minməsi nəzərdə tutulur:

  • Məzuniyyət və kompensasiya qaydaları – qanun dərc edildiyi gündən;
  • Uşağa qulluğa görə sosial məzuniyyət və müavinətlər – 2027-ci il yanvarın 1-dən;
  • Naxçıvan üzrə sosial sığorta subsidiyası – 2027-ci il yanvarın 1-dən;
  • Saatlıq və minimum saatlıq əməkhaqqı sistemi – 2027-ci il martın 1-dən;
  • Əməkhaqlarının elektron sistem vasitəsilə nağdsız ödənilməsi – 2027-ci il aprelin 1-dən.

Musa Quliyev bildirib ki, dəyişikliklərin əsas məqsədi əmək qanunvericiliyini müasir əmək bazarının tələblərinə uyğunlaşdırmaq, işçilərin hüquqlarını qorumaq və əmək münasibətlərində şəffaflığı artırmaqdır.

Qeyd edək ki, sadalanan yeniliklər qanun layihəsində nəzərdə tutulan dəyişikliklərdir. Onların tətbiqi qanunvericiliklə müəyyən edilmiş qəbul və qüvvəyə minmə prosedurlarından asılı olacaq.

Paylaş: