Azərbaycanda minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi təklif olunur. İlkin mərhələdə bu mexanizmin kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrini əhatə etməsi nəzərdə tutulur.
PostNews xəbər verir ki, Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əmək bazarında baş verən dəyişikliklər əmək qanunvericiliyinin yenilənməsini zəruri edir. Təklif olunan qanun layihəsi əməkhaqqı təminatlarının gücləndirilməsi, ödənişlərdə şəffaflığın artırılması, sosial sığorta mexanizmlərinin təkmilləşdirilməsi və işçilərin istirahət hüququnun təmin olunması istiqamətlərini əhatə edir.
Minimum saatlıq əməkhaqqı hansı sahələrdə tətbiq ediləcək?
Zaur Əliyev bildirib ki, qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtının və çevik məşğulluq formalarının geniş yayılması minimum əməkhaqqı mexanizminə yeni yanaşmanı zəruri edir.
Bu məqsədlə layihədə müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanan əmək müqavilələri, eləcə də həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üzrə saatlıq əməkhaqqının tətbiqi nəzərdə tutulur.
Təklifə əsasən, minimum saatlıq əməkhaqqı minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşından yüksək müəyyən ediləcək. Sistemin tətbiq olunacağı fəaliyyət sahələri Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.
İlkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin bu mexanizmə daxil edilməsi təklif olunur.
Nazir müavini qeyd edib ki, yeni sistem minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların Azərbaycanda tətbiqinə imkan yaradacaq.
Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq
Qanun layihəsinin digər əsas istiqamətlərindən biri əməkhaqqı və digər ödənişlərin elektronlaşdırılmasıdır.
Təklifə görə, işçilərə ödənilən əməkhaqqı və digər ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ötürülən məlumatlar əsasında, Mərkəzi Bank tərəfindən müəyyən edilən elektron ödəniş sistemi vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda, işçilərin əməkhaqqının özlərinin sərbəst seçdiyi bank hesabına köçürülməsi nəzərdə tutulur.
Zaur Əliyevin sözlərinə görə, bu mexanizm əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən əməkhaqqı məbləğinin faktiki ödənilməsini də elektron məlumatlar əsasında izləməyə imkan verəcək.
Beləliklə, əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya müəyyən hissəsinin gizlədilməsi hallarının aşkarlanması və qarşısının alınması üçün nəzarət imkanlarının genişləndirilməsi planlaşdırılır.
Yeni sistem işçilərə əməkhaqqı və digər ödənişlər, qanunvericilikdə nəzərdə tutulan tutulmalar, eləcə də gəlir tarixçələri barədə məlumatlara elektron çıxış imkanı da yaradacaq.
Bundan başqa, mexanizmin işəgötürənlərin hesabatlılıq yükünü azaltması, vergi və sosial sığorta məlumatlarının daha operativ formalaşdırılması, məzuniyyət, ezamiyyə və müvəqqəti əmək qabiliyyətsizliyi hallarında orta əməkhaqqının avtomatik hesablanmasına xidmət etməsi nəzərdə tutulur.
Uşağa qulluğa görə müavinət üçün 6 aylıq staj tələbi
Qanun layihəsində üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı altı ay sosial sığorta stajının tələb olunması da təklif edilir.
Nazir müavini xüsusi olaraq vurğulayıb ki, altı aylıq staj tələbi yalnız müavinət almaq hüququna aiddir. Uşağa qulluğa görə sosial məzuniyyət hüququ isə saxlanılır.
Zaur Əliyev bildirib ki, mövcud hüquqi tənzimləmədə minimum sosial sığorta stajı tələbinin olmaması sistemdən sui-istifadə risklərini artırır və müavinətin məbləğinin artırılması istiqamətində daha geniş tədbirlərin həyata keçirilməsini çətinləşdirir.
Təklif olunan dəyişiklik sosial sığorta ödənişlərində vahid yanaşmanın təmin edilməsi, yalnız müavinət əldə etmək məqsədilə formal əmək münasibətlərinin yaradılması riskinin azaldılması və sistemin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədi daşıyır.
21 günlük əmək məzuniyyətinin pulla əvəzlənməsi məhdudlaşdırılır
Layihədə əmək məzuniyyəti hüququnun təmin olunması ilə bağlı dəyişikliklər də nəzərdə tutulur.
Təklifə əsasən, əmək münasibətlərinə xitam verilməsi zamanı kompensasiya ödənilməsi istisna olmaqla, Əmək Məcəlləsində nəzərdə tutulan minimum 21 təqvim günlük əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinə qadağa qoyulacaq.
Zaur Əliyev bildirib ki, əsas məqsəd məzuniyyət hüququnun yalnız maliyyə təminatı kimi deyil, işçinin istirahəti, sağlamlığının qorunması və əmək qabiliyyətinin bərpası üçün nəzərdə tutulmuş hüquq kimi reallaşdırılmasıdır.
Onun sözlərinə görə, işçinin məzuniyyət hüququnun mövcudluğu ilə yanaşı, həmin hüquqdan faktiki istifadə etməsi də təmin olunmalıdır. Məzuniyyətin kompensasiya ilə əvəz edilməsi işçinin istirahət hüququnun reallaşmasını əvəz edə bilməz.
Bununla yanaşı, əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı hallarının daha dəqiq müəyyənləşdirilməsi təklif olunur. Bu dəyişikliklərin praktikada yaranan qeyri-müəyyənlikləri aradan qaldırması və hüquqi tətbiqetmədə vahid yanaşma formalaşdırması nəzərdə tutulur.
Təklif olunan dəyişikliklərin gömrük, vergi və daxili işlər orqanlarında xidmət keçməni tənzimləyən qanunvericilik aktlarına da şamil edilməsi planlaşdırılır.
Qanun layihəsinin əsas məqsədi nədir?
Zaur Əliyev bildirib ki, təklif olunan dəyişikliklər əmək münasibətlərində rəqəmsal məlumat mübadiləsinə əsaslanan vahid və proaktiv nəzarət mexanizminin formalaşdırılmasına imkan verəcək.
Nazir müavininin sözlərinə görə, ümumi məqsəd işçilərin əməyinin dəyərini və sosial müdafiənin dayanıqlılığını qorumaq, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək və beynəlxalq reytinqlərdə ölkənin mövqeyini gücləndirməkdir.
Qeyd edək ki, açıqlanan müddəalar müzakirəyə təqdim olunan qanun layihəsində nəzərdə tutulan təkliflərdir. Onların qüvvəyə minməsi qanunvericilikdə müəyyən edilmiş qəbul və tətbiq prosedurlarından asılı olacaq.



