Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) və Qazaxıstan Avtobiznes Assosiasiyası (AKAB) avtomobil sektorunda təcrübə və informasiya mübadiləsini genişləndirmək barədə razılığa gəliblər. Tərəflər paralel idxalın yaratdığı problemlərin aradan qaldırılması və rəsmi diler institutlarının inkişafı məsələlərini müzakirə ediblər.
PostNews xəbər verir ki, bu barədə AADA-nın ofisində Qazaxıstan Avtobiznes Assosiasiyasının ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.
Görüş zamanı Azərbaycan və Qazaxıstanda avtomobil sektorunun inkişaf mərhələləri, bazarlarda mövcud vəziyyət və qarşıya çıxan problemlər ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar rəsmi diler və distribyutor institutlarının avtomobil bazarlarının inkişafında, bazar münasibətlərinin tənzimlənməsində və istehlakçıların hüquqlarının qorunmasında mühüm rolunu xüsusi vurğulayıblar.
Paralel idxalın yaratdığı problemlər müzakirə olunub
Müzakirələrin əsas istiqamətlərindən biri paralel idxalın avtomobil bazarına təsiri olub.
Tərəflər paralel idxalın avtomobil biznesinə və istehlakçı hüquqlarına vurduğu zərərin aradan qaldırılması istiqamətində hər iki ölkədə atılan addımlar və mövcud təcrübə barədə məlumat mübadiləsi aparıblar.
AADA və AKAB arasında birgə kommunike imzalanıb
Görüşün sonunda Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev və Qazaxıstan Avtobiznes Assosiasiyasının prezidenti Vladimir Gerassimenko iki qurum arasında təcrübə və informasiya mübadiləsi sahəsində əməkdaşlığa dair birgə kommunike imzalayıblar.
Sənəd iki ölkənin avtomobil sektorunu təmsil edən assosiasiyaları arasında əlaqələrin inkişafı və qarşılıqlı təcrübə mübadiləsi üçün əməkdaşlıq çərçivəsini müəyyən edir.





