Reklam
Reklam
Reklam

Azərbaycan Hindistanda 300-dən çox turizm agentliyi ilə görüşüb

Azərbaycan Turizm Bürosu Hindistanın Çennai, Əhmədabad və Yeni Dehli şəhərlərində Azərbaycan turizminə həsr olunan silsilə işgüzar görüşlər keçirib. Tədbirlərdə 300-dən çox Hindistan turizm agentliyinin nümayəndəsi və Azərbaycanın yeddi turizm sənayesi təmsilçisi iştirak edib.

PostNews xəbər verir ki, görüşlərin əsas məqsədi Hindistanın turizm sənayesi ilə işgüzar əlaqələri genişləndirmək, mövcud əməkdaşlığı inkişaf etdirmək və yeni tərəfdaşlıqlar qurmaq olub.

Tədbirlərdə iştirak edən turizm agentliklərinin şəhərlər üzrə bölgüsü belə olub:

  • Çennai – 84 nümayəndə;
  • Əhmədabad – 97 nümayəndə;
  • Yeni Dehli – 122 nümayəndə.

Görüşlərdə “Azərbaycan Hava Yolları” (AZAL) da daxil olmaqla, Azərbaycanın yeddi turizm sənayesi təmsilçisi iştirak edib. Yeni Dehlidə keçirilən tədbirə Azərbaycanın Hindistandakı səfirliyinin müvəqqəti işlər vəkili Kənan Murtuzov da qatılıb.

Azərbaycanın regional turizm imkanları təqdim olunub

Təqdimatlarda Bakının turizm potensialı ilə yanaşı, ölkənin müxtəlif bölgələrindəki səyahət marşrutları və turizm məhsulları diqqət mərkəzində olub.

Şimal-qərb istiqamətində Şamaxı, Qəbələ və Şəkinin turizm imkanları, şimal bölgəsində Şahdağın xizək infrastrukturu, dağ və aktiv istirahət imkanları, cənub bölgəsində isə xüsusilə Lənkəranın sağlamlıq turizmi potensialı təqdim edilib.

Bununla yanaşı, Azərbaycanın işgüzar (MICE) və toy turizmi məhsulları barədə məlumat verilib. Bakıda və ölkənin regionlarında beynəlxalq tədbirlərin, işgüzar görüşlərin və toy mərasimlərinin təşkili imkanları Hindistan nümayəndələrinin diqqətinə çatdırılıb.

Hindistan turistləri üçün yeni səyahət paketləri müzakirə edilib

İşgüzar görüşlər zamanı Azərbaycan turizm şirkətləri öz məhsullarını Hindistan bazarının nümayəndələrinə təqdim edib. Tərəflər yerli bazarın xüsusiyyətləri və turistlərin tələbləri barədə fikir mübadiləsi aparıblar.

Həmçinin Hindistan turistləri üçün uyğunlaşdırılmış səyahət paketlərinin hazırlanması və yeni əməkdaşlıq əlaqələrinin qurulması imkanları müzakirə olunub.

Görüşlərdə iki ölkə arasında birbaşa hava əlaqələrinin turizmin inkişafındakı əhəmiyyəti də vurğulanıb. AZAL Bakı ilə Yeni Dehli və Mumbay arasında həftəlik birbaşa uçuşlar həyata keçirir. Bu reyslər Hindistandan Azərbaycana səfərlərin təşkilini asanlaşdırır.

Azərbaycan Turizm Bürosunun Hindistanın müxtəlif şəhərlərində keçirdiyi görüşlər ölkənin bu bazarda tanıdılması, yerli turizm şirkətləri ilə əlaqələrin genişləndirilməsi və Hindistan turistləri üçün yeni səyahət məhsullarının hazırlanması istiqamətində həyata keçirilən fəaliyyətin davamıdır.

Paylaş: