Reklam
Reklam
Reklam

Avstraliya Sakit Okean ölkələrinə iqlim maliyyələşdirilməsi dəstəyini genişləndirir

Avstraliya Sakit okean regionunun ada dövlətlərinə iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə kömək etmək məqsədilə yaradılan Sakit Okean İqlim Maliyyələşdirilməsi Mexanizmini fəal şəkildə dəstəkləyir.

PostNews xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albaniz noyabrın 11-də Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən Liderlər Sammitində çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, bu mexanizm Avstraliyanın Sakit okean ölkələri qarşısında götürdüyü öhdəliyin ifadəsidir. Təşəbbüs regionun ada dövlətlərinin iqlim təhdidləri ilə mübarizədə tək qalmamasını nəzərdə tutur.

Albaniz qeyd edib ki, Avstraliya Sakit Okean İqlim Maliyyələşdirilməsi Mexanizmini böyük həvəslə dəstəkləyib və Sakit okean regionundan kənar ölkələr də təşəbbüsə qoşulur. Onun sözlərinə görə, mexanizm artıq konkret nəticələr göstərməyə başlayıb.

Tuvaluda iqlim dəyişikliyinə uyğunlaşma layihəsi həyata keçirilir

Avstraliyanın Baş naziri vurğulayıb ki, iqlim dəyişikliyinə qarşı həssas ölkələrə dəstək konkret tədbirlər və beynəlxalq tərəfdaşlıqla müşayiət olunmalıdır.

O, buna nümunə olaraq Tuvaluda həyata keçirilən Tuvalu Sahil Uyğunlaşması Layihəsini (Tuvalu Coastal Adaptation Project) göstərib. Layihə sahil eroziyasının qarşısının alınmasına, yaşayış məntəqələrinin fırtınalardan qorunmasına və dəniz səviyyəsinin yüksəlməsi nəticəsində təhlükə altında olan torpaqların bərpasına yönəlib.

Albanizin fikrincə, bu cür təşəbbüslər beynəlxalq səylərin birləşdirilməsinin iqlim dəyişikliyinə uyğunlaşma sahəsində praktiki nəticələr əldə etməyə imkan verdiyini nümayiş etdirir.

Albaniz COP31 iştirakçılarına çağırış edib

Baş nazir COP31 iştirakçılarını iqlim böhranı şəraitində heç bir ölkənin və əhali qrupunun dəstəksiz qalmaması prinsipinə əməl etməyə çağırıb.

“Heç kəs inkişaf imkanlarından məhrum edilməməli, heç kəs diqqətdən kənarda qalmamalıdır”, – deyə Albaniz bildirib.

O, dünya liderlərini iqlimlə bağlı götürülən öhdəlikləri konkret tədbirlərə çevirməyə çağırıb.

Paylaş: