Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2026-cı ildə adi ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayırır.
PostNews xəbər verir ki, Fondun yaydığı məlumata əsasən, ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 13 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən başlanılacaq.
Vətəndaşlara müraciət prosesinə hazırlıq məqsədilə 12 noyabr 2026-cı il tarixinədək elektron kabinetlərini formalaşdırmaları tövsiyə olunur.
İpoteka müraciətləri Mygov portalı üzərindən qəbul ediləcək
Müraciətlərin qəbulu Mygov portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçiriləcək.
Vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığından istifadə etməklə təsdiqləyə biləcəklər.
Qalıq limitlər üzrə müraciətlərin qəbulu cümə günləri aparılacaq
Fondun məlumatında, həmçinin bildirilib ki, sonradan imtina edilmiş müraciətlər üzrə formalaşan qalıq limitlər həcmində yeni müraciətlərin qəbulu cümə günləri saat 12:00-dan etibarən həyata keçiriləcək.
İpoteka müraciətinin verilməsi qaydaları ilə İKZF-nin rəsmi internet səhifəsində yerləşdirilən təlimatda, eləcə də Mygov portalının müvafiq bölməsində tanış olmaq mümkündür.



