Cari İran ilinin 9 ayı ərzində (20 mart – 21 dekabr 2025) İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü (21 mart – 20 dekabr 2024) ilə müqayisədə dəyər baxımından 63%, çəki baxımından isə 59% azalıb. PostNews bu barədə İranın Gömrük Administrasiyasının statistikasına istinadən xəbər verir.
Statistikaya əsasən, hesabat dövründə İranın Azərbaycandan məhsul idxalı təxminən 9,67 milyon dollar dəyərində 4,34 min ton təşkil edib. Halbuki ötən ilin analoji dövründə bu göstərici 26,2 milyon dollar dəyərində 10,7 min ton olub.
Məlumata görə, İran Azərbaycandan əsasən müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və digər məhsullar idxal edib.
Eyni zamanda, 9 ay ərzində İranla Azərbaycan arasında qeyri-neft məhsulları üzrə ticarət dövriyyəsi 445 milyon dollar dəyərində təxminən 651 min ton olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 17%, çəki baxımından isə 1,48% azalıb.
İran Gömrük Administrasiyasının məlumatına görə, hesabat dövründə İranın ümumi məhsul idxalı 44,2 milyard dollar dəyərində 29,3 milyon ton təşkil edib. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 15,2% azalıb, çəki baxımından isə 2,75% artım göstərib.

