2025-ci ildə Azərbaycandan avtomobil nəqliyyatı vasitəsilə 13,845 milyard ABŞ dolları dəyərində 6,373 milyon ton beynəlxalq yük daşınıb. PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 1,337 milyard ABŞ dolları və ya 10,7%, həcm baxımından isə 457 min ton və ya 7,7% artım deməkdir.
Hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 2,52 milyard ABŞ dolları dəyərində 2,708 milyon ton yük ixrac olunub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 418 milyon ABŞ dolları və ya 19,9%, həcm baxımından isə 385 min ton və ya 16,6% çoxdur.
Eyni zamanda, 2025-ci ildə Azərbaycana avtomobil nəqliyyatı vasitəsilə 3,664 milyon ton yük idxal edilib. İdxal olunan yüklərin ümumi dəyəri 11,325 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 653,4 milyon ABŞ dolları və ya 6,9%, həcm baxımından isə 51,1 min ton və ya 1,6% artım deməkdir.
Qeyd olunur ki, 2025-ci ildə Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 49,423 milyard ABŞ dolları dəyərində 58,338 milyon ton yük daşınıb. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 1,811 milyard ABŞ dolları və ya 3,8% çox, həcm baxımından isə 1,369 milyon ton və ya 2,3% az olub.
Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri ilə ümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon ton yük ixrac edilib. Bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 42 milyon ABŞ dolları və ya 0,9%, həcm baxımından isə 1,511 milyon ton və ya 5,7% azalma deməkdir.

