“Moody’s”dən Azərbaycanla bağlı islahatlara dair müsbət proqnoz

Mətn Ölçüsü

Azərbaycanda həyata keçirilən islahatlar ölkənin iqtisadi və fiskal baxımdan karbohidrogen sektorundan asılılığının gözləniləndən daha əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər.

PostNews bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin son hesabatına istinadən məlumat verir. Sənəddə qeyd olunur ki, davam edən islahatlar fonunda institusional bazanın daha da möhkəmləndirilməsi üçün zəruri ilkin şərtlər mövcuddur. Bu islahatlar pul-kredit siyasətinin ötürücü mexanizminin səmərəliliyinin artırılmasına, maliyyə sektorunun tənzimlənməsinin və dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə, həmçinin inzibati proseslərdə şəffaflığın yüksəldilməsinə yönəlib.

Agentliyin qiymətləndirməsinə görə, cari və gələcək islahatlar idarəetmə, şəffaflıq və iqtisadi siyasətin proqnozlaşdırıla bilməsi sahəsində daha sürətli və davamlı irəliləyişlərə səbəb olarsa, Azərbaycanın suveren kredit reytinqinin yüksəlməsi mümkündür. Bu isə institutlara inamın artmasına və onların uzunmüddətli struktur çağırışlara uyğunlaşma qabiliyyətinin güclənməsinə şərait yarada bilər.

“Moody’s” vurğulayır ki, reytinq artımına təsir göstərə biləcək mühüm amillərdən biri iqtisadiyyatın şaxələndirilməsi siyasətinin səmərəliliyidir. Bu yanaşma makroiqtisadi və fiskal göstəricilərin neft qiymətlərinin dəyişkənliyinə həssaslığını azaltmaqla yanaşı, qlobal uzunmüddətli karbon keçidi ilə bağlı riskləri də zəiflədə bilər.

Agentlik həmçinin bildirir ki, Azərbaycan ilə Ermənistan arasında iqtisadi və diplomatik münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşması ölkənin kredit profilinə müsbət təsir göstərə biləcək əlavə amildir. Hesabatda qeyd olunur ki, 2025-ci ilin avqustunda tərəflər sülh sazişinin mətnini paraflayıb və bu, diplomatik dialoqun fəallaşmasına, eləcə də sərhəd məhdudiyyətlərinin aradan qaldırılmasına səbəb olub. Bu proses regionda geosiyasi risklərin potensial azalmasına işarə edir.

“Moody’s” analitiklərinin gözləntilərinə görə, qeyri-neft gəlirlərinin səfərbər edilməsi və büdcənin karbohidrogen mənşəli fövqəlgəlirlərdən asılılığının azaldılması istiqamətində aparılan fiskal konsolidasiya Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivlərinin artımını davam etdirəcək.

Hesabatda vurğulanır ki, “ba1” səviyyəsində qiymətləndirilən Azərbaycanın iqtisadi dayanıqlığı, neft-qaz sektorundan yüksək asılılığa baxmayaraq, orta müddətli dövrdə əlverişli artım perspektivlərini əks etdirir. Hökumətin fiskal dayanıqlığı isə “aaa” səviyyəsində qiymətləndirilib və bu, dövlətin güclü xalis kreditor mövqeyi ilə təmin olunur. Belə ki, suveren aktivlərin həcmi (öhdəliklərin xarici valyutada yüksək payına baxmayaraq) birbaşa dövlət borcunu və verilmiş zəmanətləri tam şəkildə əhatə edir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti