2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,797 milyon nəfər təşkil edib.
PostNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu işçilərdən 869,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumata əsasən, muzdla işləyənlərin 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 14,0 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Eyni zamanda qeyd olunub ki, 2025-ci ilin yanvar–noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 1089,2 manat təşkil edib. Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
