Reklam
Reklam
Reklam

Rövşən Cavadov: Dövlət Neft Fondu İtaliyaya 2,8 milyard dollar investisiya yatırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək İtaliyaya 2,8 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Bu məbləğ Fondun ümumi investisiya portfelinin təxminən 4%-ni təşkil edir.

PostNews xəbər verir ki, bunu ARDNF-in icraçı direktorunun müavini Rövşən Cavadov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, Dövlət Neft Fondu 27 illik fəaliyyəti ərzində 70 milyard dollardan çox vəsaiti idarə edib. Fondun investisiya portfeli dünyanın 70-dən çox ölkəsini əhatə edir və müxtəlif istiqamətlər üzrə şaxələndirilib.

ARDNF 40-dan çox suveren sərvət fondunu birləşdirən forumun təsisçilərindəndir

Rövşən Cavadov bildirib ki, ARDNF beynəlxalq səviyyədə digər suveren sərvət fondları ilə sıx əməkdaşlıq edir və Suveren Sərvət Fondlarının Beynəlxalq Forumunun (IFSWF) əsas təsisçilərindən biridir.

Onun sözlərinə görə, forum ümumilikdə 10 trilyon dollardan çox vəsaiti idarə edən 40-dan artıq suveren sərvət fondunu birləşdirir.

Cavadov qeyd edib ki, Dövlət Neft Fondu 2028-ci ildə forumun növbəti iclasına Bakıda ev sahibliyi edəcək. Eyni zamanda, ARDNF-in icraçı direktoru növbəti iki il ərzində forumun Müşahidə Şurasına rəhbərlik edəcək.

O, bu çərçivədə İtaliyanın suveren investisiya qurumu olan “CDP Equity” ilə də tərəfdaşlığa hazır olduqlarını bildirib.

İtaliya ARDNF-in ən böyük investisiya istiqamətlərindən biridir

Rövşən Cavadovun sözlərinə görə, İtaliya Dövlət Neft Fondunun qlobal investisiya fəaliyyətində xüsusi yer tutur və investisiya portfelinin həcminə görə ilk dörd istiqamət arasında qərarlaşır.

“Bu günə qədər Dövlət Neft Fondu tərəfindən İtaliyaya 2,8 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bu da ümumi investisiya portfelimizin təxminən 4 faizini təşkil edir.

Bunlar təsadüfi investisiya qərarları deyil. Bu yatırımlar İtaliya şirkətlərinə, ölkənin fiskal etibarlılığına və hər şeydən əvvəl onun sənaye və insan kapitalına olan etimadımızı əks etdirən uzunmüddətli qərarların nəticəsidir”, – deyə o bildirib.

Paylaş: