2027-ci ildə Azərbaycanın bütün rayonlarının öz gəlirləri hesabına xərclərini tam qarşılaması proqnozlaşdırılır. Beləliklə, gələn il ilk dəfə olaraq dövlət büdcəsindən dotasiya alan rayon qalmayacaq. Maliyyə naziri Sahil Babayev bunu qeyri-neft gəlirlərinin artması və iqtisadiyyatın diversifikasiyası ilə əlaqələndirib.
PostNews xəbər verir ki, nazir bu barədə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Sahil Babayev qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılması nəticəsində növbəti ildə də neftdən asılılığın azalması tendensiyası qorunacaq.
Qeyri-neft baza kəsirinin 17,1 faizə enməsi gözlənilir
Nazirin sözlərinə görə, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti cari illə müqayisədə 1,7 faiz bəndi azalaraq 17,1 faiz proqnozlaşdırılır.
“Bu, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Növbəti ortamüddətli dövr üçün, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə endirilməsi əsas hədəflərimizdəndir”, – deyə Sahil Babayev bildirib.
Nazir diqqətə çatdırıb ki, 2027-ci ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payının 64,5 faizə, dövlət büdcəsində isə 60,6 faizə çatacağı gözlənilir. Bu, cari illə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz bəndi çoxdur.
Cari xərclərin 90,1 faizi qeyri-neft gəlirləri ilə qarşılanacaq
Sahil Babayev bildirib ki, qeyri-neft gəlirlərinin büdcədə payının artması cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülmə səviyyəsinə də müsbət təsir göstərir.
Onun sözlərinə görə, 2027-ci ildə bu göstəricinin 90,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Ortamüddətli dövrün sonuna isə cari xərclərin tamamilə qeyri-neft gəlirləri hesabına qarşılanması nəzərdə tutulur.
Dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək
Maliyyə naziri 2027-ci il dövlət büdcəsinin investisiya yönümlü olmasına da diqqət çəkib.
O bildirib ki, gələn il dövlət büdcəsinin əsaslı xərcləri ümumi büdcə xərclərinin 32,5 faizinə bərabər olacaq. Nazir bu göstəricinin region ölkələri ilə müqayisədə yüksək olduğunu qeyd edib.
Sahil Babayevin sözlərinə görə, 2027-ci ildə bütün rayonların öz gəlirləri hesabına xərclərini tam qarşılaması gözlənilir. Beləliklə, ilk dəfə olaraq dövlət büdcəsindən dotasiya alan rayonun qalmayacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasının gəlirlərinin artması isə gələn il muxtar respublikaya ayrılacaq dotasiyanın 6,4 faiz azaldılmasına imkan verəcək.



