Azərbaycanda məşğul əhalinin 35 faizdən çoxu aqrar sektorun payına düşür. Regionlarda aktiv iqtisadi fəaliyyət nəticəsində yaradılan dəyərin isə yarıdan çoxu bu sahədə formalaşır. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev aqrar sektorun məşğulluqdakı rolunu və texnoloji yeniliklərin sahədə yaratdığı yeni tələbləri diqqətə çatdırıb.
PostNews xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Milli Məşğulluq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu göstəricilər aqrar sektorun məşğulluq baxımından əhəmiyyətini bir daha nümayiş etdirir.
Nazir müavini Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına da istinad edərək dünya üzrə məşğul əhalinin təxminən dörddə birinin aqrar sektorda çalışdığını qeyd edib.
Aqrar sektorda texnologiyalara tələbat artır
Zaur Əliyev bildirib ki, aqrar sektor ənənəvi və konservativ sahə kimi xarakterizə olunsa da, son illərdə müasir yanaşmaların, texnologiyaların və innovasiyaların tətbiqi məhsuldarlığın artırılmasına, resurslardan daha səmərəli istifadəyə imkan yaradır.
Onun sözlərinə görə, müasir suvarma sistemləri, qabaqcıl texnologiyalar və süni intellekt əsaslı həllər aqrar sahədə istehsal proseslərinin təkmilləşdirilməsinə və məhsuldarlığın yüksəldilməsinə töhfə verir.
Nazir müavini vurğulayıb ki, qabaqcıl texnologiyaların tətbiqi aqrar sektorda çalışan mütəxəssislərdən də yeni bilik və bacarıqlar tələb edir. Bu isə uzun illər sahədə fəaliyyət göstərən mütəxəssislərin peşə profillərinin dəyişməsini və onların biliklərinin yenilənməsini zəruri edir.
Məşğulluğun artırılması dövlət siyasətinin prioritetidir
Zaur Əliyevin sözlərinə görə, yaradılan hər yeni iş yeri ölkə iqtisadiyyatının güclənməsinə, ailə büdcəsinin artmasına və əhalinin maddi rifahının yaxşılaşmasına mühüm töhfə verir.
O qeyd edib ki, məhz bu səbəbdən məşğulluğun artırılması və onun dayanıqlı şəkildə təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir.



