Azərbaycan süni intellekt və yüksək hesablama infrastrukturlarının qurulması, eləcə də startap ekosisteminin genişləndirilməsi istiqamətində beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlığı inkişaf etdirir. Ölkənin əsas hədəflərindən biri yalnız texnologiyalardan istifadə edən deyil, həm də rəqəmsal məhsul və xidmətlər ixrac edən rəqabətqabiliyyətli ölkəyə çevrilməkdir.
PostNews xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Milli Məşğulluq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması əsas prioritetlərdəndir. Bu məqsədlə həyata keçirilən təhsil və təqaüd proqramları çərçivəsində minlərlə gəncə informasiya texnologiyaları, proqramlaşdırma, məlumatların təhlili və kibertəhlükəsizlik sahələrində bilik və praktiki bacarıqlar qazandırılır.
Süni intellekt əmək bazarında yeni ixtisaslara tələbat yaradacaq
Cavid Qurbanov süni intellektin əmək bazarına təsirinə də toxunub. O qeyd edib ki, bu texnologiyanın iş yerlərini aradan qaldırması və ya yeni imkanlar yaratması hazırda ən çox müzakirə olunan məsələlərdəndir.
“Əsas məsələ iş yerlərinin sadəcə sayını müzakirə etmək deyil. Süni intellekt bəzi təkrarlanan işləri avtomatlaşdıracaq, peşələrin məzmununu dəyişəcək, eyni zamanda yeni ixtisaslara tələbat yaradacaq. Ona görə də əsas məqsədimiz insanı texnologiya ilə rəqabətə deyil, texnologiya ilə birlikdə daha məhsuldar işləməyə hazırlamaqdır”, – deyə nazir müavini vurğulayıb.
İstedadlar sərgisi gənclər üçün yeni imkanlar yaradır
Nazir müavini forum çərçivəsində təşkil edilən istedadlar sərgisinin əhəmiyyətini də qeyd edib.
Onun sözlərinə görə, sərgi gənclərin öz bilik və bacarıqlarını birbaşa işəgötürənlərə təqdim etməsi, potensial əməkdaşlıq imkanları yaratması baxımından mühüm platformadır.



