Reklam
Reklam
Reklam

Azərbaycanda depozit portfeli 42,4 milyard manata yüksəlib

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda maliyyə sektoru istisna olmaqla depozit portfeli 12,1 faiz artaraq 42,4 milyard manata yüksəlib. Hesabat dövründə fiziki şəxslərin depozitləri 12,3 faiz, hüquqi şəxslərin depozitləri isə 11,9 faiz artıb.

PostNews xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilib.

Müddətli depozitlər 15 faiz artıb

Hesabat dövründə müddətli depozitlərin həcmi 15 faiz artaraq 18,4 milyard manata, cari depozitlərin həcmi isə 10 faiz artaraq 24 milyard manata çatıb.

Sentyabrın sonuna hüquqi şəxslərin ümumi depozitləri ötən ilin sonu ilə müqayisədə 11,9 faiz artaraq 23,5 milyard manat təşkil edib. Bu depozitlərin 71,7 faizini cari hesablar, 28,3 faizini isə müddətli depozitlər təşkil edib.

Fiziki şəxslərin ümumi depozitləri isə 12,3 faiz artaraq 18,8 milyard manata yüksəlib. Əhali depozitlərində cari hesabların payı 37,7 faiz, müddətli depozitlərin payı isə 62,3 faiz olub.

Depozitlərin dollarlaşma səviyyəsi azalıb

2026-cı ilin ilk doqquz ayında depozitlərin dollarlaşma səviyyəsinin azalması davam edib.

Belə ki, sentyabrın sonunda manatla depozitlərin həcmi 28,1 milyard manat, xarici valyutada olan depozitlərin həcmi isə 14,3 milyard manat ekvivalentində olub.

Fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 2,7 faiz bəndi azalaraq 28,1 faizə enib. Rezident fiziki şəxslər üzrə bu göstərici 2,3 faiz bəndi azalaraq 25,7 faiz təşkil edib.

Yeni depozitlər üzrə faiz dərəcələri açıqlanıb

AMB-nin məlumatına görə, 2026-cı ilin sentyabr ayında fiziki şəxslərin yeni cəlb olunmuş əmanətləri üzrə orta faiz dərəcəsi manatla 8,9 faiz, xarici valyutada isə 3,3 faiz təşkil edib.

Hüquqi şəxslərin yeni cəlb olunmuş depozitləri üzrə orta faiz dərəcələri isə manatla 6,9 faiz, xarici valyutada 4,2 faiz olub.

Paylaş: