Süni intellektin əmək proseslərinə inteqrasiyası insan əməyinin əhəmiyyətini azaltmaq əvəzinə, məhsuldarlığın yüksəlməsinə və yeni peşə bacarıqlarının formalaşmasına şərait yarada bilər. Texnoloji inkişaf nəticəsində bəzi ənənəvi peşələr aradan qalxsa da, onların yerində yeni fəaliyyət istiqamətlərinin yaranması gözlənilir.
PostNews.az xəbər verir ki, bu barədə bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli noyabrın 13-də Bakıda keçirilən “Süni İntellekt Zirvəsi 2026” (AI Summit 2026) tədbirində danışıb.
Onun sözlərinə görə, tarix boyu texnoloji ixtiralar insanın fiziki və intellektual imkanlarını genişləndirib. Təkərin, buxar maşınının və daxili yanma mühərrikinin meydana çıxması insanların fəaliyyətini dəyişdirsə də, insanın iqtisadi və sosial sistemdəki rolunu aradan qaldırmayıb.
B.Aslanbəyli bildirib ki, cəmiyyət yeni texnologiyaları ilk mərhələdə ehtiyatla qarşılayır. Buna baxmayaraq, zaman keçdikcə həmin yeniliklər gündəlik həyatın və iş proseslərinin ayrılmaz hissəsinə çevrilir.
O, bu baxımdan kalkulyatorların yayılmasını nümunə göstərib. Vitse-prezident qeyd edib ki, məktəb illərində kalkulyatorlardan istifadəyə qarşı çıxan müəllimlər bunun şagirdlərin hesablama qabiliyyətini zəiflədəcəyini düşünürdülər. Lakin sonrakı dövrdə bu texnologiya hesablamaları asanlaşdırmaqla yanaşı, insanlara vaxt qazandırıb və həmin vaxtın daha mürəkkəb işlərə yönəldilməsinə imkan yaradıb.
Onun fikrincə, süni intellekt də oxşar transformasiya yaradan texnologiyadır. Kompüter, smartfon və internetin yaratdığı imkanları daha da genişləndirən bu sistemlər əvvəllər uzun müddət tələb edən əməliyyatların daha qısa zamanda yerinə yetirilməsinə şərait yaradır.
B.Aslanbəyli süni intellektin neft-qaz sektorunda tətbiqinin də əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu texnologiyalar hasilat proseslərinin daha təhlükəsiz, səmərəli və operativ təşkilinə töhfə verə bilər.
Texnologiya bəzi peşələri aradan qaldıracaq, yeniləri yaranacaq
bp rəsmisi texnoloji dəyişikliklərin əmək bazarına təsirini nəqliyyat tarixindən nümunə ilə izah edib.
O bildirib ki, avtomobillərin meydana çıxması faytonçuluq peşəsinin əhəmiyyətini itirməsinə səbəb olsa da, bununla yanaşı, sürücülük kimi yeni peşə formalaşıb. İnsanlar yeni texnologiyaya uyğunlaşaraq bilik və bacarıqlarını dəyişdirib, əmək fəaliyyətlərini davam etdiriblər.
B.Aslanbəylinin fikrincə, süni intellektin geniş yayılması zamanı da oxşar proses baş verəcək. Əsas məsələ insanların yeni texnologiyalardan istifadə etməyi öyrənməsi və onların yaratdığı imkanlardan düzgün yararlanmasıdır.
O vurğulayıb ki, texnoloji vasitələrdən əldə edilən nəticələrin qiymətləndirilməsi və onların idarə olunması yenə insanın məsuliyyətində qalacaq.
Gələcəyin əmək bazarında hansı bacarıqlar tələb olunacaq?
B.Aslanbəyli gələcəkdə mütəxəssislər üçün tənqidi düşünmə, mühakimə yürütmə və müstəqil qərarvermə bacarıqlarının daha böyük əhəmiyyət daşıyacağını bildirib.
Onun sözlərinə görə, müasir təhsil sistemində yalnız informasiya və biliklərin ötürülməsi deyil, insanların hadisələrin mahiyyətini anlamaq və düzgün nəticələr çıxarmaq qabiliyyətinin inkişaf etdirilməsi də vacibdir.
Vitse-prezident informasiya, bilik və müdriklik anlayışlarının fərqli məzmun daşıdığını diqqətə çatdırıb. İnformasiya hadisə haqqında məlumatı, bilik həmin hadisənin səbəblərini anlamağı, müdriklik isə əldə olunan məlumat və biliklər əsasında düzgün nəticə çıxararaq növbəti addımları müəyyənləşdirməyi ifadə edir.
O qeyd edib ki, aparıcı universitetlərdə mütəxəssislərin insani keyfiyyətlərinin, xüsusilə mühakimə qabiliyyətinin inkişafına daha çox diqqət yetirilir.
B.Aslanbəylinin fikrincə, gələcək əmək bazarında süni intellekt agentlərindən düzgün istifadə bacarığı da mühüm yer tutacaq. İnsanlar həmin sistemlərə doğru suallar verməyi, əldə etdikləri cavabları təhlil etməyi və onların əsasında əsaslandırılmış qərarlar qəbul etməyi bacarmalıdırlar.
O əlavə edib ki, qərarvermə prosesində yalnız rəqəmlərə və texniki nəticələrə deyil, insan amilinə, empatiya və simpatiya kimi xüsusiyyətlərə də diqqət yetirilməlidir.
Qeyd edək ki, noyabrın 13-də Bakıda keçirilən AI Summit 2026 tədbirində süni intellektin biznesə, əmək bazarına, təhsilə və insan kapitalına təsirləri müzakirə olunub.



