Şirkətlərdə süni intellekt agentlərinin tətbiqi biznes proseslərini avtomatlaşdırmaq və məhsuldarlığı artırmaq baxımından yeni imkanlar yaradır. Lakin bu texnologiyalara geniş səlahiyyətlərin verilməsi məlumatların təhlükəsizliyi, daxili nəzarət və korporativ idarəetmə ilə bağlı əlavə risklər formalaşdırır.
PostNews xəbər verir ki, bu barədə “SHI International Corp” şirkətinin rəqəmsal iş mühiti və süni intellekt həlləri üzrə meneceri Rəfsan Hüseynov noyabrın 13-də Bakıda keçirilən “Süni İntellekt Zirvəsi 2026” (AI Summit 2026) tədbirində danışıb.
Onun sözlərinə görə, süni intellekt agentlərini ənənəvi çatbotlardan fərqləndirən əsas xüsusiyyət onların müxtəlif sistemlərə qoşulmaqla müstəqil əməliyyatlar həyata keçirə bilməsidir.
R.Hüseynov izah edib ki, adi çatbot istifadəçinin suallarına cavab verməklə kifayətləndiyi halda, agentlər müvafiq icazələr əldə etdikdə elektron məktub göndərmək, müxtəlif proqramlarla əlaqə qurmaq və API vasitəsilə konkret tapşırıqları icra etmək imkanına malikdir.
O bildirib ki, hazırda süni intellekt agentlərinin yaradılması əvvəlki dövrlərlə müqayisədə xeyli asanlaşıb. Hətta proqramlaşdırma bilikləri olmayan şəxslər də müxtəlif platformalar vasitəsilə belə sistemlər hazırlaya bilirlər. Bununla belə, agentlərin sayının artması onların fəaliyyətinə nəzarəti daha mürəkkəb məsələyə çevirir.
Şirkət nümayəndəsinin fikrincə, müəssisələrdə çoxsaylı agentlərin yaradılması onların kim tərəfindən idarə olunduğu, hansı sistemlərə qoşulduğu və hansı məlumatlara çıxış əldə etdiyi ilə bağlı suallar doğurur. Bu məlumatlar vahid idarəetmə mexanizmi vasitəsilə izlənilmədikdə təşkilatlar təhlükəsizlik boşluqları ilə üzləşə bilərlər.
R.Hüseynov ABŞ bazarındakı təcrübəyə də toxunaraq bildirib ki, süni intellekt agentlərindən istifadə artıq şirkətlərin rəqabət qabiliyyətinə təsir edən amillərdən birinə çevrilib. Onun sözlərinə görə, ABŞ-də bazarda mövqeyini qorumaq istəyən şirkətlər üçün bu texnologiyaların tətbiqi getdikcə daha vacib olur. Azərbaycanda isə agent texnologiyalarının biznes proseslərinə inteqrasiyası hələ tədricən genişlənir.
Agentlərin idarə edilməsində üç əsas tələb
R.Hüseynov şirkətlərin süni intellekt agentlərinin idarə olunması zamanı üç əsas məsələyə diqqət yetirməli olduğunu bildirib.
Bunlara istifadə edilən agentlərin müəyyənləşdirilməsi və hər biri üzrə məsul şəxsin təyin edilməsi, agentlərin hansı əməliyyatları həyata keçirə biləcəyinin dəqiq müəyyənləşdirilməsi, eləcə də təhlükəsizlik problemi yarandıqda onların fəaliyyətinin operativ dayandırılması imkanının yaradılması daxildir.
O, xüsusilə agentlərin məlumatlara çıxış səlahiyyətlərinin məhdudlaşdırılmasının vacibliyini vurğulayıb. Məsələn, insan resursları üzrə fəaliyyət göstərən süni intellekt agentinin maliyyə məlumatlarına çıxış əldə etməsinə ehtiyac yoxdur. Bu baxımdan hər bir agentə yalnız konkret funksiyasını yerinə yetirmək üçün zəruri olan səlahiyyətlər verilməlidir.
Nəzarətsiz agentlər şirkətlərə ciddi zərər vura bilər
Şirkət nümayəndəsi süni intellekt agentlərinin nəzarətsiz fəaliyyətinin ciddi kibertəhlükəsizlik problemlərinə səbəb ola biləcəyini bildirib.
Onun sözlərinə görə, geniş səlahiyyətlərə malik agentlər qısa müddətdə böyük həcmdə məlumatları silə, məxfi informasiyanı kənara ötürə və müəssisələrə maliyyə zərəri vura bilərlər.
R.Hüseynov qeyd edib ki, agentlərin insanlardan fərqli olaraq fasiləsiz fəaliyyət göstərmək imkanı da risklərin miqyasını artırır. Onlar həftənin yeddi günü, sutkanın 24 saatı ərzində avtomatik əməliyyatlar həyata keçirə bilirlər. Buna görə də agentlərin fəaliyyətinin izlənilməsi və nəzarətdə saxlanılması xüsusi əhəmiyyət daşıyır.
O, “Microsoft” tərəfindən təqdim olunan idarəetmə və təhlükəsizlik həllərinin agentlərin qeydiyyatını aparmağa, fəaliyyətlərini izləməyə və məlumatlara çıxış səlahiyyətlərini məhdudlaşdırmağa imkan verdiyini bildirib. Bu sistemlər vasitəsilə müxtəlif bulud platformalarında yaradılmış agentləri vahid idarəetmə mühitində birləşdirmək mümkündür.
Gələcəkdə insanlar agentlərlə birlikdə işləyəcək
R.Hüseynov süni intellektin əmək bazarına təsirindən danışarkən gələcəkdə insanlarla süni intellekt agentlərinin birgə fəaliyyətinin daha geniş yayılacağını proqnozlaşdırıb.
O bildirib ki, rəhbərlik etdiyi komanda hazırda ABŞ-də iri korporasiyalar üçün süni intellekt agentləri hazırlayır. Bu istiqamətdə əldə olunan nəticələrlə yanaşı, müştərilərin artan tələbatını qarşılamaq üçün kifayət qədər mütəxəssis tapmaq da çətinləşir.
Şirkət nümayəndəsinin fikrincə, gələcəyin iş modeli yalnız süni intellekt texnologiyalarından deyil, insanların həmin texnologiyalarla əməkdaşlığından formalaşacaq. Bu prosesin uğurlu olması üçün isə agentlərin fəaliyyətinə nəzarət və onların düzgün idarə edilməsi əsas şərtlərdən biri olacaq.
“Gələcək təkcə süni intellektdən ibarət deyil. Gələcək insanların süni intellekt agentləri ilə birlikdə işləməsidir. Amma burada ən vacib məsələ idarəetmədir. İnsanları necə idarə ediriksə, agentləri də eyni prinsiplərlə idarə etməliyik”, – deyə R.Hüseynov fikrini yekunlaşdırıb.



