Şirkətlərin süni intellekt texnologiyalarından istifadəsi zamanı informasiya təhlükəsizliyi və məxfi məlumatların qorunması əsas prioritetlərdən biri olmalıdır. Əməkdaşların hansı süni intellekt alətlərindən istifadə etməsi və həmin platformalarla hansı məlumatları paylaşması təşkilatlar tərəfindən nəzarətdə saxlanılmalıdır.
PostNews xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizliyi Agentliyinin (AKTA) icraçı direktoru Rauf Cabarov noyabrın 13-də Bakıda keçirilən “Süni İntellekt Zirvəsi 2026” (AI Summit 2026) tədbirində danışıb.
O bildirib ki, süni intellektin sürətli inkişafı yalnız texnoloji deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından yeni çağırışlar yaradır. Bu texnologiyanın gələcək təsirlərini qiymətləndirmək üçün onun yaratdığı iqtisadi dəyər və uzunmüddətli perspektivlər nəzərə alınmalıdır.
R.Cabarov xatırladıb ki, süni intellekt yeni texnologiya olmasa da, son illərdə bu sahədə ciddi irəliləyişlər qeydə alınıb. O, Azərbaycan alimi Lütfi Zadənin də bu sahənin tanınmış nümayəndələrindən olduğunu qeyd edərək, növbəti 10 ildə süni intellektin cəmiyyətə və iqtisadiyyata təsirlərinin necə dəyişəcəyinin mühüm müzakirə mövzusu olduğunu bildirib.
AKTA rəhbərinin sözlərinə görə, hazırda süni intellekt sahəsinə böyük investisiyalar yönəldilir. Bununla yanaşı, investisiya köpüyünün formalaşması ehtimalı da müzakirə olunur.
O, 2000-ci illərin əvvəllərində internet şirkətləri ətrafında yaranan investisiya bumu ilə paralellər aparıb. Həmin dövrdə internet texnologiyaları dünyanı dəyişsə də, bazarda ciddi investisiya köpüyü də yaranmışdı.
R.Cabarovun diqqətə çatdırdığı məlumatlara əsasən, cəmi üç il ərzində dünya əhalisinin 53 faizi süni intellektdən istifadə etməyə başlayıb. Eyni zamanda, bu texnologiyanın qlobal ÜDM-də 7 faizlik artıma səbəb olacağı proqnozlaşdırılır.
Bununla belə, onun fikrincə, süni intellektin iqtisadi faydaları ilə yanaşı, korporativ mühitdə yaratdığı təhlükəsizlik riskləri də sistemli şəkildə qiymətləndirilməlidir.
AKTA rəhbəri şirkətlərdə süni intellektdən istifadəyə dair vahid qaydaların və nəzarət mexanizmlərinin olmamasını aktual problem kimi qiymətləndirib. O bildirib ki, hətta kiçik kollektivlərdə belə əməkdaşların hansı alətlərdən istifadə etdiyini və həmin platformalar vasitəsilə hansı məlumatları paylaşdığını tam müəyyənləşdirmək çətin ola bilər.
R.Cabarov öz təcrübəsindən nümunə gətirərək təxminən 20 nəfərlik kollektivə rəhbərlik etdiyini, lakin əməkdaşların süni intellektdən istifadə qaydalarını tam izləməyin onun üçün də asan olmadığını söyləyib.
Onun sözlərinə görə, bu vəziyyət şirkətlərin məxfi məlumatlarının qorunması baxımından əlavə risklər yaradır. Buna görə də təşkilatlar süni intellekt alətlərindən istifadəyə dair daxili siyasət hazırlamalı, hansı məlumatların paylaşılmasına icazə verildiyini və hansı məlumatların məxfi saxlanılmalı olduğunu dəqiq müəyyən etməlidirlər.
R.Cabarov bildirib ki, AKTA son dövrlərdə şirkətlərdə süni intellektdən istifadənin idarə olunması mexanizmlərinin yaradılmasını təşviq edir. Bu istiqamətdə yerli texnoloji həllərin inkişafı da əhəmiyyət daşıyır.
O, AKTA-nın üzvü olan “MegaSec” şirkətinin də yerli süni intellekt həllərinin hazırlanması istiqamətində fəaliyyət göstərdiyini qeyd edib. R.Cabarovun fikrincə, yerli həllərin mövcudluğu məlumatların xarici platformalara ötürülməsi ilə bağlı risklərin azaldılmasına kömək edə bilər. Bununla belə, əsas şərt təhlükəsiz texnoloji mühitin və düzgün idarəetmə sisteminin qurulmasıdır.
AKTA rəhbəri bu istiqamətdə beynəlxalq ISO 42001 standartının tətbiqini də mümkün mexanizmlərdən biri kimi göstərib. Sözügedən standart süni intellekt idarəetmə sistemlərinin formalaşdırılması və müvafiq risklərin nəzarətdə saxlanılması ilə bağlı tələbləri əhatə edir.
R.Cabarov vurğulayıb ki, müəssisələr süni intellektin yaratdığı məhsuldarlıq və səmərəlilik imkanlarını qiymətləndirməli, tətbiq edilən həlləri davamlı təkmilləşdirməli və informasiya təhlükəsizliyini təmin edən idarəetmə sistemi qurmalıdırlar.
“Əks halda, bu gün süni intellekt alətləri ilə paylaşdığımız məxfi məlumatlar gələcəkdə özümüzə qarşı kiberhücum vasitəsinə çevrilə bilər”, – deyə o bildirib.



