Süni intellekt texnoloji və biznes proseslərinin sürətlənməsinə imkan versə də, insanın yaradıcılıq qabiliyyətini və orijinallığını əvəz etmək gücündə deyil. Texnologiyanın inkişafı fonunda insanın fərdi xüsusiyyətlərinin və yaradıcı düşüncəsinin qorunması əsas məsələlərdən birinə çevrilir.
PostNews xəbər verir ki, bu fikirləri “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay noyabrın 13-də Bakıda keçirilən “Süni İntellekt Zirvəsi 2026” (AI Summit 2026) tədbirində səsləndirib.
Onun sözlərinə görə, süni intellektdən istifadə imkanları genişləndikcə iş proseslərinin təşkili və nəticələrin əldə olunması da əhəmiyyətli dərəcədə dəyişir. Bununla belə, texnoloji imkanların genişlənməsi insan faktorunun əhəmiyyətini azaltmamalıdır.
R.Hunaltay bildirib ki, “Facemark” il ərzində 15 müxtəlif biznes istiqaməti üzrə tədbirlər təşkil edir və bu platformalarda Azərbaycan şirkətlərində çalışan təxminən 17 min nəfər iştirak edir.
Tədbirin konseptual yanaşmasına toxunan şirkət təsisçisi builki zirvənin əsas mesajının “Uzadılmış indi” olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, texnologiyanın inkişaf tempi gələcəyə münasibəti də dəyişdirib. Artıq gələcək uzaq perspektiv kimi deyil, hazırkı dövrün davamı kimi qiymətləndirilməlidir.
“Dünənə qədər gələcəkdən danışırdıqsa, artıq o gələcək yoxdur. Gələcək indinin uzadılmış versiyasıdır”, – deyə R.Hunaltay bildirib.
O, texnoloji inkişafın nəticələrin əldə olunma sürətinə təsirini də xüsusi vurğulayıb. Onun fikrincə, həyatın özü öz axarında davam etsə də, texnologiyalar insanların daha qısa müddətdə nəticə əldə etməsinə şərait yaradır. Bu baxımdan süni intellekt bir çox proseslərə və mövcud iş modellərinə yenidən baxılmasını tələb edir.
R.Hunaltay süni intellektin insanı əvəz edib-etməyəcəyi ilə bağlı müzakirələrə də münasibət bildirib. O hesab edir ki, süni intellekt güclü texnoloji vasitə olsa da, insanın orijinallığı və yaradıcı düşüncəsi fərqli xüsusiyyətlər olaraq qalır.
“İnsan nə qədər qüsurlu olsa da, orijinaldır və süni intellekt bu orijinallığı əvəz edə bilmir. Çünki yaradıcılıq insana məxsusdur. Yaradıcılıq şüuraltı prosesdir, süni intellekt isə əsasən şüurla əlaqəli prosesdir”, – deyə o vurğulayıb.
Şirkət təsisçisinin fikrincə, qarşıdakı dövrdə əsas müzakirə mövzularından biri texnoloji vasitələrdən səmərəli istifadə etməklə yanaşı, insanın fərdi dəyərinin və yaradıcılıq potensialının qorunması olacaq.
O bildirib ki, texnoloji alətlərdən istifadə imkanları daha da genişlənəcək. Lakin bu prosesdə insanın orijinallığının, yaradıcı yanaşmasının və fərdi dəyərinin necə qorunacağı açıq sual olaraq qalır.
Qeyd edək ki, noyabrın 13-də Bakıda keçirilən AI Summit 2026 tədbirində 500-dən çox nümayəndə iştirak edib. Zirvədə süni intellektin biznesdə tətbiqi, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, insan kapitalı və texnologiyanın əmək bazarına təsiri kimi məsələlər müzakirə olunub.



