Reklam
Reklam
Reklam

Büdcədənkənar gəlirlər 2027-ci ildə 7,1 faiz azalacaq – Hesablama Palatası

2027-ci ildə Azərbaycanda büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin 949 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin göstəricisindən 72 milyon manat və ya 7,1 faiz azdır. Hesablama Palatası büdcədənkənar vəsaitlərin formalaşdırılması və istifadəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.

PostNews xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd olunub.

Büdcədənkənar gəlirlərin xüsusi çəkisi azalacaq

Sənədə əsasən, 2027-ci ildə büdcədənkənar gəlirlərin dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisinin cari illə müqayisədə 0,2 faiz bəndi azalaraq 2,4 faiz təşkil edəcəyi gözlənilir.

Büdcə təşkilatlarının iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətlərindən əldə etdikləri büdcədənkənar gəlirlər növbəti ildə də doqquz mədaxil mənbəyi üzrə proqnozlaşdırılıb. Bu mənbələrdən yalnız ikisi üzrə artım, digər yeddisi üzrə isə azalma nəzərdə tutulub.

Hesablama Palatasının rəyində bildirilir ki, cari illə müqayisədə ən yüksək artım maliyyə sanksiyaları, inzibati cərimələr və vergilərin qanunvericiliklə büdcədənkənar gəlirlərə aid edilən hissəsindən daxilolmalar üzrə gözlənilir.

Maliyyə sanksiyalarından 297 milyon manat daxilolma proqnozlaşdırılır

Xüsusilə, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının qanunvericiliklə büdcədənkənar gəlirlərə aid edilən hissəsindən 2027-ci ildə 297 milyon manat daxilolma proqnozlaşdırılır. Bu, 2026-cı ilin göstəricisindən 35 milyon manat çoxdur.

Palata büdcədənkənar gəlirlərin proqnozlaşdırılması zamanı tətbiq edilən yanaşmanı, eləcə də bu gəlirlərlə bağlı hüquqi aktlarda nəzərdə tutulan əsas məqamları təhlil edib.

Rəydə vurğulanıb ki, aparılan təhlillər büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsinin zəruriliyini göstərib.

Büdcədənkənar gəlirlərin proqnozlaşdırılması zamanı tətbiq edilən yanaşma və bu gəlirlərlə bağlı hüquqi tənzimləmələr Hesablama Palatasının rəyinin II və VII bölmələrində ətraflı şərh olunub.

Paylaş: