Azərbaycan 2026-cı ilin sentyabr ayında Türkiyəyə 867,12 milyon kubmetr təbii qaz ixrac edərək ölkənin ikinci ən böyük qaz təchizatçısı mövqeyini tutub. Bununla belə, Azərbaycandan Türkiyəyə qaz tədarükü ötən ilin eyni ayı ilə müqayisədə 9,51 faiz azalıb.
PostNews xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin (EPDK) açıqladığı məlumatlarda bildirilir.
Hesabat dövründə Türkiyəyə ən çox təbii qaz tədarük edən ölkə Rusiya olub. Rusiyadan qaz idxalı illik müqayisədə 33,12 faiz azalaraq 1,447 milyard kubmetrdən 967,76 milyon kubmetrə enib.
Azərbaycan 867,12 milyon kubmetr qaz ixracı ilə ikinci, İran isə 660,22 milyon kubmetr tədarüklə üçüncü yerdə qərarlaşıb. İrandan qaz idxalı ötən ilin sentyabr ayı ilə müqayisədə 18,23 faiz azalıb.
Türkiyənin qaz idxalı 25,5 faiz azalıb
EPDK-nın məlumatına görə, Türkiyənin 2026-cı ilin sentyabr ayında ümumi təbii qaz idxalı illik müqayisədə 25,52 faiz azalaraq 3,605 milyard kubmetrdən 2,685 milyard kubmetrə düşüb.
Hesabat dövründə boru kəmərləri vasitəsilə qaz idxalı 22,34 faiz azalaraq 2,495 milyard kubmetr təşkil edib. Mayeləşdirilmiş təbii qaz (LNG) idxalı isə 51,56 faiz azalaraq 190,18 milyon kubmetrə enib.
Azərbaycanın qaz ixracının dəyəri 250 milyon dollar azalıb
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədən 17,994 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. İxracın ümumi dəyəri 6,449 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz ixracının dəyəri 250 milyon dollar və ya 3,7 faiz, həcmi isə 534 milyon kubmetr və ya 2,9 faiz azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37,521 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,794 milyard kubmetr olub.
Beləliklə, qaz hasilatı illik müqayisədə 273 milyon kubmetr və ya 0,7 faiz azalıb.



