Reklam
Reklam
Reklam

Bakıda II Süni İntellekt Zirvəsi keçirilir: 500-dən çox iştirakçı və qlobal texnologiya nəhəngləri bir araya gəlib

Bu gün “The Ritz-Carlton Baku” otelində ölkənin innovasiya və texnologiya sahəsində ən nüfuzlu tədbirlərindən biri hesab olunan II Süni İntellekt Zirvəsi (AI Summit 2026) öz işinə başlayıb.

PostNews xəbər verir ki, “Arter”, 15 illik təşkilatçılıq təcrübəsinə malik “Facemark”, “Handex” və “Human Development Center” (HDC) şirkətlərinin birgə təşkilatçılığı ilə reallaşan zirvəyə regionun nəhəng texnologiya şirkətlərindən olan “Logo Group” baş sponsorluq edir. Zirvənin gold sponsoru “TIMES Consulting”, strateji tərəfdaşları isə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “MegaSec”dir.

Dövlət və özəl sektorun nümayəndələri, qlobal şirkətlərin rəhbərləri, süni intellekt üzrə qabaqcıl mütəxəssislər, data analitikləri və sahibkarlar da daxil olmaqla 500-dən çox nümayəndənin qatıldığı zirvə ölkədə innovasiya ekosisteminin inkişafına mühüm təkan verir. Tədbir çərçivəsində gün boyu fəaliyyət göstərən interaktiv “AI Playground” və biznes əməkdaşlıqlarına zəmin yaradan “Connection Hub” platformaları iştirakçılara ən son texnoloji həlləri sınaqdan keçirmək və yeni tərəfdaşlıqlar qurmaq imkanı yaradır.

Elcan Rəhimin aparıcılığı ilə başlayan rəsmi açılış mərasimində çıxış edən “Facemark”ın həmtəsisçisi Rafiq Hunaltay tədbirin məqsədlərini və süni intellektin biznes mühitinə inteqrasiyasının strateji əhəmiyyətini diqqətə çatdırıb. Açılış bölməsində Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov regional əməkdaşlıq perspektivlərini vurğulayıb, Azərbaycan Kibertəhlükəsizliyi Agentliyinin (AKTA) icraçı direktoru Rauf Cabarov və “Cyberpoint” şirkətinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Dr. Elvin Balacanov isə kibertəhlükəsizlik və rəqəmsal hüquqi tənzimləmələrlə bağlı fikirlərini bölüşüblər. Ardınca baş sponsor “Logo Group”un CTO-su İsmail Duran və “MegaSec”in direktoru Qabil Qasımov əsas məruzəçi (“Keynote”) qismində çıxış edərək texnoloji trendləri təhlil ediblər.

Zirvə çərçivəsində təşkil olunan panel müzakirələri yerli və beynəlxalq ekspertlərin geniş dialoquna meydan açıb. “Azerconnect Group”un Süni İntellekt Məhsulları Bölməsinin rəhbəri Lətif Məmmədlinin moderatorluğu ilə keçirilən “Süni İntellektin gələcəyi” adlı birinci paneldə “Microsoft”un Principal Cloud Advocate-i Lee Stott, “Prodware”-in süni intellekt və avtomatlaşdırma üzrə arxitektoru David Lorenzo López və “SHI International Corp” şirkətinin Digital Workplace və AI Solutions üzrə meneceri Rəfsan Hüseynov qlobal trendləri, beynəlxalq təcrübəni və süni intellekt arxitekturasının inkişaf istiqamətlərini ətraflı müzakirə ediblər.

Tədbirin davamında baş tutan və xüsusi maraq doğuran Davos formatlı “İnsan və Süni İntellekt” adlı panel sessiyasında isə texnoloji transformasiyanın cəmiyyətə və əmək bazarına təsirləri dərindən təhlil olunub. “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün idarə etdiyi sessiyada bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADNSU-nun rektoru professor Rüfət Əzizov, 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təhsil layihələri üzrə direktoru İnarə Vəliyeva və “Nextool.ai”ın həmtəsisçisi və baş direktoru Cəfər Nəcəfov çıxış edərək insan kapitalının inkişafı, müasir təhsil ekosistemi və süni intellektin birgə gələcəyinə dair baxışlarını bölüşüblər.

Plenar iclaslarla yanaşı, gün ərzində “Şuşa”, “Ağdam”, “Füzuli”, “Qubadlı”, “Tərtər” və “Laçın” zallarında iki blokda 11 praktiki masterklas və ixtisaslaşmış sessiyalar keçirilir. Sessiyalarda “Logo Business Solutions”, “Lambda Labs”, “Start IT”, “AIWorks”, “Code Academy”, “Handex”, “Azerconnect Group”, “Microsoft”, “Spark AI Technologies”, “Arter”, “Azercell Telekom”, “Hazar Human Capital Studio” və Xəzər Universitetinin rəhbər və aparıcı mütəxəssisləri əməliyyat xərclərinin azaldılması, klassik ERP-dən intellektual sistemlərə keçid, data idarəçiliyi, adaptiv təhsil, insan resursları və kreativ sənayedə tətbiq edilən ən yeni həlləri iştirakçılara təqdim edirlər.

Günün sonunda ən çox xal toplayan iştirakçıların mükafatlandırılması, masterklas spikerlərinə plaketlərin təqdimatı və intellektual “Kahoot” yarışının final raundu ilə zirvənin rəsmi bağlanış mərasimi baş tutacaq.

Rəsmi internet səhifəsi: https://aisummit.az

E-poçt: [email protected]

Əlaqə nömrəsi: +994 51 316 51 18

Paylaş: