Reklam
Reklam
Reklam

Azərbaycanda gündəlik neft hasilatı azalıb – OPEC-in hesabatı

2026-cı ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 447 min barel təşkil edib. Bu, sentyabr ayının göstəricisi ilə müqayisədə 4 min barel azdır.

PostNews xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında bildirilib.

Hesabata əsasən, “OPEC+” razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel müəyyən edilib. Beləliklə, oktyabr ayında ölkədə faktiki hasilat müəyyən edilmiş kvotadan 104 min barel aşağı olub.

“Azeri Light” neftinin qiymət fərqi artıb

OPEC-in məlumatına görə, oktyabr ayında Aralıq dənizi hövzəsində Azərbaycan neftinin qiymət fərqində artım qeydə alınıb.

Belə ki, “Azeri Light” markalı Azərbaycan neftinin “North Sea Dated” markalı neftə nisbətən qiymət fərqi sentyabr ayı ilə müqayisədə 1,94 dollar/barel artaraq 13,21 dollar/barel müsbət fərq təşkil edib.

Hesabatda Qərbi Afrika neftinin qiymət fərqlərinin isə oktyabr ayında zəiflədiyi bildirilir. Buna Avropa və Asiya neft emalı zavodlarından tələbin azalması, yüksək daşıma xərcləri və satılmamış neft yüklərinin artması təsir göstərib.

Avropalı emalçılar daha sərfəli qiymətlərlə təklif olunan Yaxın Şərq, Şimal dənizi və Xəzər hövzəsi neftinə üstünlük veriblər. Asiya alıcıları isə Atlantik hövzəsindən uzun məsafəyə daşınan neftin alışını azaldıblar.

Qərbi Afrika neftinin qiymət fərqləri zəifləyib

OPEC-in hesabatına əsasən, “Bonny Light” markalı neftin qiymət fərqi aylıq müqayisədə 3,04 dollar/barel, “Forcados” markalı neftin qiymət fərqi isə 4,50 dollar/barel azalıb.

Nəticədə bu markaların “North Sea Dated” neftinə nisbətən orta müsbət qiymət fərqi müvafiq olaraq 2,40 dollar/barel və 4,10 dollar/barel təşkil edib.

“Cabinda” markalı neftin qiymət fərqi isə 6,14 dollar/barel zəifləyərək sentyabr ayındakı 1,09 dollar/barel müsbət fərqdən oktyabrda 5,06 dollar/barel mənfi fərqə keçib.

Aralıq dənizi bazarında digər neft markalarının qiymət fərqlərində də dəyişikliklər müşahidə olunub. “Saharan Blend” markalı neftin qiymət fərqi 1,13 dollar/barel artaraq 7,80 dollar/barel müsbət fərqə çatıb.

“CPC Blend” markalı neftin qiymət fərqi isə 2,84 dollar/barel azalaraq sentyabrdakı 1,91 dollar/barel müsbət fərqdən oktyabrda 0,93 dollar/barel mənfi fərqə düşüb.

OPEC neft bazarındakı dəyişikliklərin səbəblərini açıqlayıb

Təşkilatın qiymətləndirməsinə görə, Yaxın Şərqdən tədarük də daxil olmaqla, orta sıxlıqlı və yüksək kükürdlü neftin təklifinin artması regionda qiymətlərə təzyiq göstərib.

Bundan əlavə, Ceyhan limanı vasitəsilə neft ixracının artması və neft emalı zavodlarından tələbin zəif qalması yüksək kükürdlü neft markaları arasında rəqabəti gücləndirib.

Azərbaycanda neft hasilatı rüblər üzrə necə dəyişib?

OPEC-in hesabatında Azərbaycanda gündəlik neft hasilatının rüblük dinamikası da əks olunub. Məlumata görə, 2026-cı ilin birinci rübündə orta gündəlik hasilat 454 min barel, ikinci rübdə 456 min barel, üçüncü rübdə isə 450 min barel təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 461 min barel olub. Ötən ilin birinci rübündə bu göstərici 466 min barel, ikinci rübdə 461 min barel, üçüncü rübdə 459 min barel, dördüncü rübdə isə 458 min barel təşkil edib.

Beləliklə, 2026-cı ilin oktyabrında gündəlik hasilat 2025-ci ilin orta göstəricisindən 14 min barel aşağı olub.

Paylaş: