BMT-nin Baş katibi Antonio Quterreş 2035-ci ilədək dünyada bərpaolunan enerji istehsalı güclərinin 2025-ci illə müqayisədə ən azı üç dəfə artırılmasına, emissiyaların tutulması sistemləri olmayan kömür elektrik stansiyalarında enerji istehsalının isə minimum 75% azaldılmasına çağırıb.
PostNews xəbər verir ki, Antonio Quterreş bu barədə Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Liderlər Sammitində çıxışı zamanı bildirib.
BMT-nin Baş katibinin sözlərinə görə, 2040-cı ilədək emissiyaların tutulması sistemləri olmayan kömür elektrik stansiyalarında enerji istehsalı demək olar ki, tamamilə dayandırılmalı, neft və qaz istehlakı isə təxminən üçdəbir azaldılmalıdır.
Quterreş vurğulayıb ki, hökumətlər öz siyasətlərini, investisiya qərarlarını və infrastruktur planlarını bu hədəflərə uyğunlaşdırmalıdırlar.
BMT qalıq yanacaqlardan imtina üzrə milli planlara çağırır
Antonio Quterreş ölkələri işçilərin və qalıq yanacaq sektorundan asılı olan yerli icmaların müdafiəsini nəzərdə tutan ədalətli enerji keçidi üzrə milli planlar hazırlamağa çağırıb.
Onun sözlərinə görə, bu proses yeni kömür layihələrindən, eləcə də 1,5 dərəcə Selsi temperatur hədəfinə çatmağı çətinləşdirən yeni neft və qaz infrastrukturundan imtinanı əhatə etməlidir.
BMT-nin Baş katibi metan emissiyalarının azaldılmasının, bərpaolunan enerji mənbələrinin, elektrik şəbəkələrinin və enerji saxlama sistemlərinin genişləndirilməsinin vacibliyini də qeyd edib.
Bundan başqa, təmiz elektrikləşmənin sürətləndirilməsi, meşələrin, okeanların və biomüxtəlifliyin qorunması enerji keçidinin əsas istiqamətləri sırasında göstərilib.
Günəş enerjisinin qlobal elektrik istehsalında payı artır
Quterreş təmiz enerjiyə keçidin artıq sürətləndiyini vurğulayaraq, günəş enerjisinin qlobal elektrik istehsalında rolunun əhəmiyyətli dərəcədə artdığını bildirib.
Onun sözlərinə görə, 10 il əvvəl dünya üzrə elektrik enerjisi istehsalında günəş enerjisinin payı cəmi 1% təşkil edirdi. Ötən il isə qlobal elektrik enerjisinə tələbat artımının təxminən dörddə üçü günəş enerjisi hesabına təmin olunub.
Elektromobillərin bazar payında da artım müşahidə edilir. Belə ki, 10 il əvvəl satılan avtomobillərin ümumi sayında elektromobillərin payı təxminən 1% olduğu halda, 2026-cı ildə bu göstəricinin üçdəbirə çatacağı gözlənilir.
Qalıq yanacaqlardan asılılıq iqtisadi riskləri artırır
BMT-nin Baş katibi qalıq yanacaqlardan asılılığın ölkələr üçün yaratdığı iqtisadi və geosiyasi risklərə də diqqət çəkib.
Quterreş bildirib ki, dünya əhalisinin təxminən dörddəüçü neft, qaz və digər enerji resurslarını idxal edən ölkələrdə yaşayır. Bu vəziyyət həmin dövlətləri enerji qiymətlərindəki kəskin dəyişikliklər və geosiyasi qeyri-sabitlik qarşısında daha həssas edir.
O qeyd edib ki, bərpaolunan enerji mənbələrinə keçid ədalətli və planlı şəkildə, elmi tövsiyələr əsasında həyata keçirilməlidir.
“Bizim seçimimiz var: ya ədalətli keçidi əvvəlcədən planlaşdırmalıyıq, ya da xaosun və dolanışıq imkanlarının itirilməsinin bədəlini ödəməliyik”, – deyə Quterreş bildirib.



