Reklam
Reklam
Reklam

Ərdoğan: Azərbaycan COP31-in hazırlanmasına töhfə verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31-in hazırlanmasına verdiyi töhfəyə görə Azərbaycana, Braziliyaya və Avstraliyaya təşəkkür edib.

O, bu barədə Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində çıxışı zamanı bildirib.

Ərdoğan Avstraliyanın Baş naziri Entoni Albanezenin COP31 üçün hazırlanmış yeni tərəfdaşlıq modelinə verdiyi töhfəni xüsusi qeyd edib. Türkiyə Prezidenti əvvəlki iqlim sammitlərində əldə etdikləri təcrübələri bölüşdüklərinə görə Braziliyaya və Azərbaycana da minnətdarlığını ifadə edib.

Ərdoğan dünyada ekoloji problemlərin artmasından danışıb

Türkiyə Prezidenti çıxışında qlobal ekoloji problemlərə və təbii resursların həddindən artıq istehlakına diqqət çəkib.

Onun sözlərinə görə, hazırda bəşəriyyət qlobal istiləşmə, biomüxtəlifliyin itirilməsi, təbii resursların həddindən artıq istehlakı, ərzaq təhlükəsizliyinə yaranan təhdidlər və dağıdıcı iqlim hadisələri kimi ciddi problemlərlə üzləşir.

Ərdoğan ekoloji həssaslığın qədim sivilizasiyaların, köklü mədəniyyətlərin və dinlərin ortaq dəyərlərindən biri olduğunu vurğulayıb.

“Bəşəriyyət olaraq evimizin yalnız bir damı var, o da səmadır. Bizim başqa səmamız, başqa yer kürəmiz, dənizlərimiz, okeanlarımız və meşələrimiz yoxdur”, – deyə Türkiyə Prezidenti bildirib.

O əlavə edib ki, yanan meşələr, quruyan çaylar, çirklənən dənizlər və məhv edilən meşə örtüyü bütün planet üçün ciddi təhlükə yaradır.

Azərbaycan COP31-də milli pavilyonla təmsil olunur

Qeyd edək ki, 9-20 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən COP31-də Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə iştirak edir.

Azərbaycanın “Dialoq Dəhlizi” konsepsiyası əsasında hazırlanan milli pavilyonunda ölkənin bərpa olunan enerji potensialı, yaşıl enerji dəhlizləri, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri, enerji saxlanc sistemləri və Xəzər dənizinin biomüxtəlifliyinin qorunması istiqamətində görülən işlər təqdim olunur.

Milli pavilyonda 40-dan artıq tədbir, panel müzakirəsi və görüşün keçirilməsi nəzərdə tutulub.

COP31-də yeni tərəfdaşlıq modeli tətbiq olunur

COP31-in təşkilində Türkiyə və Avstraliya arasında yeni tərəfdaşlıq modeli tətbiq edilir. Bu modelə əsasən, konfransın təşkilati rəhbərliyi Türkiyəyə, iqlim danışıqları prosesinə rəhbərlik isə Avstraliyaya həvalə olunub.

COP31 Prezidentliyinin əsas prinsipləri dialoq, konsensus və fəaliyyətdir.

Konfransın prioritetləri arasında süni intellekt, sıfır tullantı, dəniz və okean ekosistemlərinin qorunması, ərzaq təhlükəsizliyi, iqlimə dayanıqlı şəhərlər, yaşıl sənayeləşmə, təmiz enerjiyə keçid, gənclər və təhsil məsələləri yer alır.

Azərbaycan üçün COP31-də iştirak 2024-cü ildə Bakıda keçirilmiş COP29 zamanı qazanılan təcrübənin bölüşdürülməsi, beynəlxalq iqlim əməkdaşlığının davam etdirilməsi və ölkənin yaşıl enerji potensialının təqdim edilməsi baxımından əhəmiyyət daşıyır.

Paylaş: