Elm və təhsil sahəsində baş verən yeniliklərin mediada işıqlandırılması məqsədilə jurnalistlər üçün “Elmi islahatlar və innovasiya” mövzusunda ikinci təlim-müzakirə sessiyası təşkil olunub.
PostNews xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində SABAH.city-də keçirilib.
Tədbirin əvvəlində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev layihənin məqsədləri barədə məlumat verib. O, elm və təhsil sahəsində həyata keçirilən islahatların və yeniliklərin mediada peşəkar, dolğun və düzgün təqdim edilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanda elmi islahatlar və innovasiya müzakirə olunub
Sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov təqdimatla çıxış edib.
O, Azərbaycanda həyata keçirilən elmi islahatlar, innovasiya ekosisteminin inkişafı, müasir texnologiyaların tətbiqi, beynəlxalq təcrübə və bu sahənin gələcək inkişaf perspektivləri barədə məlumat verib.
SABAH.city innovasiya ekosisteminin imkanlarını təqdim edib
Tədbirdə SABAH.city-nin baş icraçı direktorunun müavini Nurcan Baxşıyeva Azərbaycanın yeni nəsil innovasiya klasterinin fəaliyyəti və imkanları haqqında təqdimat edib.
Bildirilib ki, SABAH.city startapları, inkubator və akselerator proqramlarını, vençur kapitalı fondlarını, tədqiqat mərkəzlərini, texnologiya şirkətlərini və universitetləri vahid innovasiya ekosistemində birləşdirən platformadır.
Platforma akademiya, sənaye, dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq imkanları yaratmaqla innovasiya təşəbbüslərinin dəstəklənməsinə, startapların inkişafına və biliyə əsaslanan iqtisadiyyatın formalaşmasına xidmət edir.
İnteraktiv formatda keçirilən sessiyada jurnalistlərin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Layihə çərçivəsində növbəti təlimlər də keçiriləcək
Qeyd edək ki, layihənin əsas məqsədi elm və təhsil sahəsində baş verən proseslərin mediada daha dolğun və peşəkar işıqlandırılmasına dəstək olmaq, jurnalistlərin bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Layihə çərçivəsində keçiriləcək növbəti sessiyalarda təhsilin iqtisadiyyatı, məktəbəqədər və ali təhsil, tədrisin məzmunu, yerli və beynəlxalq qiymətləndirmələr, təhsildə keyfiyyət təminatı və elmi-pedaqoji jurnalistika kimi aktual mövzular müzakirə olunacaq.



