Reklam
Reklam
Reklam

Deputat kəndlilərin məhsullarının dövlət tərəfindən alınaraq ixrac edilməsini təklif edib

Milli Məclisin deputatı Hikmət Babaoğlu kənd təsərrüfatı məhsullarının satışında yaranan çətinliklərin aradan qaldırılması üçün dövlətin fermerlərdən məhsul alaraq onun ixracını təşkil etməsini təklif edib. Deputat, həmçinin sosial müdafiə xərclərinin bir hissəsinin yeni iş yerlərinin yaradılmasına investisiya kimi yönəldilməsinin vacibliyini vurğulayıb.

PostNews xəbər verir ki, Hikmət Babaoğlu bu təklifləri Milli Məclisin dörd komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Deputat bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün müxtəlif dövlət layihələri həyata keçirilir, fermerlərə subsidiyalar ayrılır. Lakin istehsal olunan məhsulların satışında yaranan problemlər kənd təsərrüfatı istehsalçıları üçün ciddi maneə olaraq qalır.

Onun sözlərinə görə, məhsulunu bazara çıxarıb sata bilməyən kəndli tədricən torpaqdan və kənd təsərrüfatı istehsalından uzaqlaşır. Hikmət Babaoğlu bu problemin həlli üçün dövlətin kəndlilərin istehsal etdiyi məhsulların müəyyən hissəsini satın almasını və onların ixracını təşkil etməsini təklif edib.

Deputat hesab edir ki, belə bir mexanizm fermerlərin məhsullarının satışına təminat yarada, kənd təsərrüfatı istehsalını stimullaşdıra və aqrar sektorun inkişafına əlavə dəstək verə bilər.

Deputat sosial müdafiə xərclərinin investisiyaya yönəldilməsini təklif edib

Hikmət Babaoğlu sosial müdafiə xərclərinin istifadəsi ilə bağlı da təklif irəli sürüb. O bildirib ki, sosial müdafiəyə ehtiyacı olan insanların sayının azaldılması üçün bu sahəyə ayrılan vəsaitin bir hissəsinin yeni iş yerlərinin yaradılmasına investisiya kimi yönəldilməsi məqsədəuyğun olardı.

Deputatın sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi gücünü, Böyük Qayıdış prosesini, müdafiə qabiliyyətinin artırılmasını, təhlükəsizliyin təmin olunmasını, eləcə də rəqəmsal və ideoloji təxribatlara qarşı mübarizəni əks etdirir.

O qeyd edib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında müasir Azərbaycanın gələcək imkanlarını təsvir edərkən yeni dövlətin fəlsəfəsini güc anlayışı üzərində müəyyənləşdirib. Deputatın fikrincə, 2027-ci ilin büdcəsi də ölkənin maliyyə imkanlarını və strateji hədəflərini özündə birləşdirir.

2027-ci il büdcəsində müdafiə, sosial sahə və təhsil xərcləri

Hikmət Babaoğlu müdafiə qabiliyyətinin artırılması üçün 8,8 milyard manatdan çox vəsait ayrılmasını büdcənin mühüm istiqamətlərindən biri kimi qiymətləndirib.

Deputatın təqdim etdiyi göstəricilərə əsasən, 2027-ci il üçün sosial sahəyə 4,9 milyard manatdan çox, təhsilə 5 milyard manat, səhiyyəyə isə 2 milyard manat vəsait nəzərdə tutulub.

O, xüsusilə manatın məzənnəsinin 2027-ci ildə sabit qalacağı ilə bağlı proqnoza diqqət çəkib.

“Manatın dollara nisbətdə məzənnəsinin dəyişməyəcəyi həm yatırım, həm də inkişaf imkanları deməkdir”, – deyə deputat vurğulayıb.

H.Babaoğlu bildirib ki, 2027-ci ildə ümumi daxili məhsulun (ÜDM) artımının 2,9 faiz olacağı proqnozlaşdırılır. Neftin bir barelinin qiymətinin 65 dollar səviyyəsində götürülməsini də məqsədəuyğun hesab edən deputat bunun mümkün iqtisadi risklərə qarşı ölkənin əvvəlcədən sığortalanmasına imkan yaratdığını bildirib.

Təhsil xərclərinin 9 faiz artırılması müzakirə olunmalıdır

Deputat elm və təhsil sahəsinə ayrılan vəsaitin həcminə də toxunub. Onun sözlərinə görə, bu istiqamətə dövlət büdcəsi xərclərinin 3,8 faizi yönəldilir və ötən illə müqayisədə təxminən 9 faiz artım nəzərdə tutulur.

H.Babaoğlu Azərbaycanda əhali artımının 2 faiz, təhsilə cəlb olunan uşaqların, tələbələrin və məktəblərin sayındakı artımın isə təxminən eyni səviyyədə olduğunu bildirib.

Deputat hesab edir ki, belə şəraitdə elm və təhsil xərclərinin 9 faiz artırılmasının təhsilin keyfiyyətinə hansı nəticələri verəcəyinin araşdırılması vacibdir.

“Əgər nəticə əldə etmiriksə, onda bu 9 faiz niyə ayrılır? Nə üçün ayrılır? Əsas məsələ bu vəsaitin hansı keyfiyyət nəticələrinə gətirib çıxarmasıdır”, – deyə o bildirib.

Sosial müdafiəyə ayrılan vəsait yeni iş yerlərinin yaradılmasına yönəldilə bilər

Hikmət Babaoğlu sosial müdafiə xərclərinin 4,9 milyard manatdan çox olmasını şərh edərkən Azərbaycanın Konstitusiyada sosial dövlət kimi müəyyənləşdirildiyini xatırladıb.

Bununla belə, deputatın fikrincə, sosial dövlət olmaq hər il sosial müdafiəyə ehtiyacı olan insanların sayının və bu məqsədlə büdcədən ayrılan vəsaitin artırılması demək deyil.

O hesab edir ki, sosial müdafiə xərclərinin müəyyən hissəsi yeni iş yerlərinin yaradılmasına yönəldilməlidir. Deputat müvafiq fondlardan iki və ya üç illik sosial müdafiə xərclərinin həcminə uyğun məbləğin investisiya kimi istifadə olunmasını və yeni iş yerlərinin açılmasına yönəldilməsini təklif edib.

H.Babaoğlunun qənaətinə görə, bu yanaşma sosial müdafiəyə ehtiyacı olan insanların sayının tədricən azalmasına, nəticədə həmin istiqamətə ayrılan büdcə vəsaitinə tələbatın aşağı düşməsinə şərait yarada bilər.

“İş yerlərinin yaradılmasına investisiya qoymaqla sosial müdafiəyə ehtiyacı olan kontingentin sayını azaltmaq mümkündür. Bu barədə düşünmək məqsədəuyğun olardı”, – deyə deputat əlavə edib.

Səhiyyə sistemində islahatların davam etdirilməsi təklif olunur

Deputat səhiyyəyə 2 milyard manatdan çox vəsait ayrılmasını müsbət qiymətləndirib. O bildirib ki, bu, ölkənin təhlükəsizliyinin əsasını təşkil edən gənc nəslin sağlam böyüməsi baxımından əhəmiyyətlidir.

H.Babaoğlu səhiyyə sistemində son dövrlərdə aparılan islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb. O, hazırda səhiyyə naziri olan şəxsin TƏBİB-ə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi islahatları xatırladaraq, həmin prosesdə nümayiş etdirilən qətiyyət və cəsarəti yüksək qiymətləndirib.

Deputatın fikrincə, səhiyyə sistemində də bu cür islahatlara ehtiyac var və onların davam etdirilməsi nəticəsində əldə olunan dəyişikliklər növbəti mərhələdə daha aydın görünəcək.

Deputat media və mədəniyyət xərclərinin azaldılmasından narahatdır

Hikmət Babaoğlu mədəniyyət sahəsinə 643 milyon manat, media və televiziya sahəsinə isə 68 milyon manat vəsait ayrılmasına da münasibət bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri ideoloji təxribatların fiziki təxribatlar və fiziki təhlükəsizlik qədər ciddi təhlükə yaratmasıdır.

Deputatın sözlərinə görə, xalqın ideoloji təhlükəsizliyinin əsasını ümumi immunitet, mədəniyyət, tarix və müasir dövrdə informasiya mübarizəsində tutduğu mövqe təşkil edir.

H.Babaoğlu ötən illə müqayisədə bu istiqamətlərə ayrılan vəsaitin azalmasını, xüsusilə mediaya cəmi 14 milyon manatdan bir qədər çox vəsait nəzərdə tutulmasını narahatlıq doğuran məqam kimi qiymətləndirib.

Onun fikrincə, mediaya ayrılan maliyyənin bu səviyyədə olması ölkənin ideoloji təxribatlara qarşı immunitetini və mübarizə qabiliyyətini zəiflədə bilər. Deputat gələcək büdcə planlaşdırılmasında bu məsələlərin nəzərə alınmasını vacib sayıb.

O vurğulayıb ki, informasiya mübarizəsinin nəticələrini birbaşa görmək və ölçmək çətin olsa da, bu proses media, televiziya, film sənayesi, teatr, ədəbiyyat və mədəniyyətin digər sahələri vasitəsilə aparılır.

H.Babaoğlunun fikrincə, həmin sahələrin inkişafı milli dəyərlərin qorunması və ideoloji təxribatlara qarşı cəmiyyətdə müqavimətin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Paylaş: