Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycanla beynəlxalq əməkdaşlıq qlobal iqlim gündəliyinin inkişafı üçün yeni imkanlar yaradır. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycanın iqlim təşəbbüsləri və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
PostNews xəbər verir ki, Səlim bin Məhəmməd əl-Malik bu barədə COP31 çərçivəsində Antalyada jurnalistlərə açıqlamasında bildirib.
ICESCO rəhbəri noyabrın 14-də saat 13:00-da keçirilməsi planlaşdırılan sessiyalardan birində iştirak edəcəklərini qeyd edib.
“Biz noyabrın 14-də saat 13:00-da keçirilməsi planlaşdırılan sessiyalardan birində iştirak etməkdən çox məmnunuq. Əminik ki, həmişə olduğu kimi, Azərbaycanla birgə iştirakımız bu dəfə də çox uğurlu olacaq”, – deyə o bildirib.
ICESCO rəhbəri iqlim vədlərinin əməli addımlara çevrilməsinə çağırıb
Türkiyənin və COP31-in beynəlxalq ictimaiyyətə çatdırmaq istədiyi əsas mesaj barədə danışan Səlim əl-Malik iqlim dialoqunun konkret fəaliyyətlərlə nəticələnməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, iqlim və ətraf mühitdə baş verən dəyişikliklərə uyğun olaraq COP konfranslarının gündəliyi yenilənsə də, əsas məqsəd dəyişməz qalır.
“Ümid edirəm ki, bu konfransın bütün iştirakçıları iqlim dialoqunu konkret addımlara çevirə biləcəklər. Həmçinin bütün ölkələrin və təşkilatların vədlərdən əməli addımlara keçmək öhdəliyini üzərlərinə götürəcəklərinə ümid edirəm”, – deyə ICESCO-nun baş direktoru qeyd edib.
Azərbaycanın COP31 milli pavilyonunda 40-dan artıq tədbir keçiriləcək
Qeyd edək ki, 9–20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən COP31-də Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyəti konfrans çərçivəsində təşkil edilən müzakirə və tədbirlərdə iştirak edir, ölkənin iqlim siyasətini və bu sahədə əldə etdiyi nailiyyətləri təqdim edir.
COP31-də Azərbaycanın “Dialoq Dəhlizi” konsepsiyası əsasında hazırlanmış milli pavilyonu da fəaliyyət göstərir. Pavilyonda ölkənin bərpa olunan enerji potensialı, “Yaşıl enerji dəhlizləri” ekspozisiyası, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri, ilk batareya əsaslı enerji saxlanc sistemi və Xəzər dənizinin biomüxtəlifliyinin qorunması istiqamətində görülən işlər nümayiş olunur.
Milli pavilyonda 40-dan artıq tədbir, panel müzakirəsi və görüşün keçirilməsi nəzərdə tutulub.
COP31-in əsas prioritetləri açıqlanıb
COP31 Prezidentliyinin üç əsas prinsipi dialoq, konsensus və fəaliyyətdir. Konfransın təşkilində Türkiyə təşkilati rəhbərliyi, Avstraliya isə danışıqlar prosesinə rəhbərliyi həyata keçirir.
Konfransın prioritetləri arasında “Antalya Süni İntellekt öhdəliyi” də yer alır. Bununla yanaşı, sıfır tullantı, dəniz və okean ekosistemlərinin qorunması, ərzaq təhlükəsizliyi, iqlimə dayanıqlı şəhərlər, iqlim fəaliyyətinin həyata keçirilməsi mexanizmləri, gənclər və təhsil, yaşıl sənayeləşmə və təmiz enerjiyə keçid məsələləri müzakirə olunur.
COP31 Azərbaycanın COP29-a ev sahibliyi zamanı qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşməsi, Bakı irsinin davam etdirilməsi və qlobal iqlim gündəliyinə töhfələrinin təqdim olunması baxımından da əhəmiyyət daşıyır.



