Azərbaycanda məşğul əhalinin 35 faizi əmək müqaviləsi əsasında çalışır, digər 65 faizi isə əmək müqaviləsi olmadan fəaliyyət göstərir. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin rəsmi əmək münasibətlərinin genişlənməsinə və əmək müqaviləsi ilə çalışanların sayının artmasına imkan yarada biləcəyi bildirilir.
PostNews xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov komitənin iclasında çıxışı zamanı məlumat verib.
Deputat bildirib ki, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 385 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 105 min nəfər təşkil edir.
Onun sözlərinə görə, muzdla, yəni əmək müqaviləsi əsasında çalışanların sayı 1 milyon 776 min nəfərdir. Onlardan 834 min nəfəri dövlət, 942 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir.
Vüqar Bayramov qeyd edib ki, bu göstəricilər məşğul əhalinin yalnız 35 faizinin əmək müqaviləsi ilə çalışdığını göstərir. Deputat hesab edir ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər bu nisbətin dəyişməsinə və rəsmi əmək müqaviləsi ilə çalışanların sayının artmasına şərait yarada bilər.
“Əmək müqaviləsi ilə çalışmaq sadəcə vergi ödənişləri deyil, həmçinin əmək hüquqlarının qorunması və pensiya təminatı baxımından vacibdir”, – deyə deputat vurğulayıb.
Əlavə iş yerlərində çalışma qaydaları dəyişə bilər
Vüqar Bayramov çıxışında Əmək Məcəlləsinin 58-ci maddəsinə də toxunaraq əlavə iş yerlərində çalışma imkanlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini bildirib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, işçi əlavə iş yerində çalışdıqda onun həftəlik iş vaxtı norması əsas iş yeri üzrə müəyyən edilmiş normanın yarısından çox olmamalıdır.
Deputat qeyd edib ki, əlavə iş üzrə iş vaxtı əsas iş yerində müəyyən edilmiş iş saatlarından sonraya düşürsə, işəgötürənin icazəsinin alınmasına ehtiyac yoxdur. Lakin əlavə iş əsas iş yerindəki iş vaxtı ilə üst-üstə düşdükdə işəgötürənin icazəsi tələb olunur.
V.Bayramovun fikrincə, bu müddəa əlavə iş yerlərində çalışmağı tam qadağan etməsə də, belə imkanları məhdudlaşdırır.
“Bu maddəyə yenidən baxılmasına və onun dəyişdirilməsinə ehtiyac var. Çevik iş rejiminə keçildiyi bir dövrdə belə məhdudiyyətlər arzuolunan deyil”, – deyə deputat bildirib.
Deputatın açıqlamasına görə, əmək qanunvericiliyində nəzərdə tutulan dəyişikliklər həm rəsmi məşğulluğun genişləndirilməsi, həm də işçilərin əmək hüquqlarının və sosial təminatının qorunması baxımından əhəmiyyət daşıyır.



