Reklam
Reklam
Reklam

“ASAN xidmət”in tətbiqi ilə bağlı daha 3 beynəlxalq memorandum imzalanıb

Azərbaycanın “ASAN xidmət” modelinin beynəlxalq miqyasda tətbiqinin genişləndirilməsi istiqamətində daha üç anlaşma memorandumu imzalanıb. Sənədlər BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası, Cibuti və Şri-Lankanın müvafiq dövlət qurumları ilə əməkdaşlığı nəzərdə tutur.

PostNews xəbər verir ki, memorandumlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə adıçəkilən qurumlar arasında imzalanıb.

BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası ilə imzalanan memorandum “ASAN xidmət” təcrübəsinin Komissiyaya üzv 21 dövlətlə paylaşılmasını və bu istiqamətdə əməkdaşlığın təşviqini əhatə edir.

Şri-Lanka Demokratik Sosialist Respublikasının Dövlət İdarəçiliyi, Əyalət Şuraları və Yerli Özünüidarəetmə Nazirliyi, eləcə də Cibuti Respublikasının Rəsmiləşdirmə və Sosial Müdafiə üzrə Əmək Nazirliyi ilə imzalanan sənədlərdə isə “ASAN xidmət” modelinin və qabaqcıl təcrübəsinin həmin ölkələrdə tətbiqi nəzərdə tutulur.

Memorandumlar Bakıda keçirilən beynəlxalq sammitdə imzalanıb

Anlaşma memorandumları Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının (BMT) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbir çərçivəsində imzalanıb.

Sənədlər dövlət xidmətlərinin göstərilməsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, idarəetmə innovasiyalarının təşviqinə və “ASAN xidmət” təcrübəsinin digər ölkələrdə tətbiqinə yönəlib.

“ASAN xidmət” təcrübəsi 50-dən çox ölkə ilə paylaşılır

Hazırda “ASAN xidmət” təcrübəsi dünyanın 50-dən çox ölkəsi ilə paylaşılır. Yeni memorandumların imzalanması Azərbaycan modelinin beynəlxalq səviyyədə tanıdılması və dövlət xidmətləri sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində növbəti addımdır.

Paylaş: