8 Noyabr – Zəfər Günü münasibətilə UM-PLATFORM-un təşkilatçılığı və qurumun rəhbəri Saida Hacıyevanın təşəbbüsü ilə Azərbaycanın tarixi Qələbəsinin altıncı ildönümünə həsr olunmuş xüsusi görüş keçirilib. Tədbirdə Vətən müharibəsinin qəhrəmanları yad edilib, milli birlik, vətənpərvərlik və tarixi yaddaşın qorunmasının əhəmiyyəti vurğulanıb.
PostNews xəbər verir ki, görüş 44 günlük Vətən müharibəsinin unudulmaz hadisələrini xatırlamaq, Azərbaycan əsgərinin şücaətinə ehtiram göstərmək və Zəfər Gününün mənəvi dəyərini bir daha diqqətə çatdırmaq məqsədi daşıyıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşün əsas hissəsində iştirakçılar 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, həmin dövrün yaddaqalan hadisələrini yada salıb, Azərbaycan əsgərinin qəhrəmanlığına və xalqın birliyinə görə minnətdarlıqlarını ifadə ediblər.
Qarabağ və Xarıbülbül rəmzləri ilə xüsusi hədiyyələr təqdim olunub
Tədbirin diqqətçəkən məqamlarından biri iştirakçılara təqdim edilən simvolik hədiyyələr və xatirə suvenirləri olub. Xarıbülbül rəmzi, Qarabağ kətası və motivasiyaedici sözlərlə hazırlanmış xüsusi hədiyyələr görüşün mənəvi məzmununu tamamlayıb.
Qarabağ kətası UM-PLATFORM-un rəhbəri Saida Hacıyeva tərəfindən hazırlanıb. Kətanın arxasında Vətən müharibəsi dövrünə aid xüsusi tarixçə dayanır. Həmin vaxt cəbhəyə göndərilən kətaların içərisinə əsgərlərə mənəvi dəstək məqsədilə motivasiyaedici məktublar əlavə edilirdi.
Bu ənənə tədbirdə də davam etdirilib. İştirakçılar qəhrəmanlara ünvanlanan səmimi mesajlarını yazaraq həmin mənəvi dəstək təşəbbüsünə qoşulublar.
Milli yaddaşı əks etdirən simvolik guşə yaradılıb
Görüşün digər diqqətçəkən məqamlarından biri iştirakçı Rəsmiyə xanımın hazırladığı simvolik guşə olub. Qarabağın, Zəfərin və milli yaddaşın rəmzlərini bir araya gətirən guşə tədbirin ümumi ab-havasına xüsusi məna qatıb.
Tədbir daha sonra səmimi ünsiyyət, tanışlıq və netvörkinq formatında davam edib. İştirakçılar xatirələrini bölüşməklə yanaşı, Zəfər Gününün yaratdığı birlik və həmrəylik ruhu ətrafında bir araya gəliblər.
UM-PLATFORM bu kimi təşəbbüslərlə insanları ortaq dəyərlər, milli yaddaş və mənəvi birlik ətrafında birləşdirməyi hədəfləyir.
Tədbirin əsas mesajı isə Zəfərin yalnız tarixi Qələbə deyil, həm də xalqın qüruru, birliyi və gələcək nəsillərə ötürülən mənəvi mirası olması fikri ilə ifadə olunub.



