Reklam
Reklam
Reklam

Azərbaycan “Vestas” ilə külək enerjisi layihələrini müzakirə edib

Azərbaycanla Danimarkanın külək turbinləri istehsalçısı “Vestas” şirkəti arasında ölkədə külək enerjisi layihələrinin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi və “yaşıl enerji dəhlizləri”nin inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

PostNews xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, COP31 çərçivəsində “Vestas” şirkətinin baş vitse-prezidenti Morten Dyrholm ilə görüş keçirilib. Görüşdə Azərbaycanda külək enerjisi layihələri və “yaşıl enerji dəhlizləri” üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, şirkətin bu layihələrdə iştirakı və müasir külək enerjisi texnologiyalarının tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan külək və günəş enerjisi istehsalını artırmağı planlaşdırır

“Vestas” ilə müzakirələr Azərbaycanın bərpa olunan enerji istehsalının genişləndirilməsi üzrə ortamüddətli hədəfləri fonunda diqqət çəkir.

2027-ci ilin büdcə zərfinin layihəsində əksini tapan makroiqtisadi proqnozlara əsasən, ölkədə külək və günəş elektrik stansiyalarında elektrik enerjisi istehsalının 2030-cu ildə 4 milyard 408,6 milyon kilovat-saata çatacağı gözlənilir.

Bu, 2027-ci il üçün proqnozlaşdırılan 3 milyard 9,3 milyon kilovat-saatla müqayisədə 46,5 faiz çoxdur. Sənədə əsasən, həmin göstəricinin 2028-ci ildə 4 milyard 384,6 milyon kilovat-saat, 2029-cu ildə isə 4 milyard 414,3 milyon kilovat-saat olacağı proqnozlaşdırılır.

Beləliklə, proqnoz dövründə külək və günəş elektrik stansiyalarında istehsalın 4,4 milyard kilovat-saat ətrafında formalaşması nəzərdə tutulur.

İstilik elektrik stansiyalarında qaz istehlakı azalacaq

Ortamüddətli proqnozlarda ənənəvi generasiya mənbələri üzrə də dəyişikliklər nəzərdə tutulub.

Belə ki, istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalının 2027-ci ildəki 21 milyard 957,6 milyon kilovat-saatdan 2030-cu ildə 24 milyard 283,5 milyon kilovat-saata yüksələcəyi gözlənilir.

Bununla yanaşı, həmin stansiyalarda istifadə edilən təbii qazın həcminin 2027-ci ildəki 2 milyard 411,6 milyon kubmetrdən 2030-cu ildə 1 milyard 572,8 milyon kubmetrə qədər azalacağı proqnozlaşdırılır.

Yaşıl enerji dəhlizlərinin yaradılması prioritet istiqamətlərdəndir

Büdcə zərfinin layihəsində energetika sektorunda yaşıl keçidin sürətləndirilməsi, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının artırılması, yeni generasiya güclərinin yaradılması və elektrik şəbəkəsi infrastrukturunun müasirləşdirilməsi əsas istiqamətlər kimi müəyyən edilib.

Sənəddə həmçinin yaşıl enerji zonaları və dəhlizlərinin yaradılması, Azərbaycanın bərpa olunan enerji potensialının beynəlxalq bazarlara ixracının genişləndirilməsi nəzərdə tutulur.

Bu baxımdan “Vestas” kimi külək enerjisi texnologiyaları üzrə ixtisaslaşmış şirkətlərlə əməkdaşlıq Azərbaycanın yeni generasiya layihələrinin inkişafı və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

“Vestas” haqqında

Danimarkanın “Vestas” şirkəti 1898-ci ildə yaradılıb. Şirkət külək turbinlərinin layihələndirilməsi, istehsalı, quraşdırılması və texniki xidmətinin göstərilməsi ilə məşğuldur.

“Vestas”ın fəaliyyəti dünyanın müxtəlif ölkələrində külək enerjisi və hibrid enerji layihələrini əhatə edir.

Paylaş: