Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə külək və günəş enerjisi layihələrinin inkişafını, eləcə də istehsal olunacaq elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixracı imkanlarını müzakirə edib. Əməkdaşlıq çərçivəsində yeni generasiya güclərinin elektrik şəbəkəsinə inteqrasiyası və “yaşıl enerji dəhlizləri”nin yaradılması məsələləri də nəzərdən keçirilib.
PostNews xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında məlumat paylaşıb.
Nazir bildirib ki, Antalyada “ACWA Power” şirkətinin baş icraçı direktoru Dr. Samir J. Serhan ilə görüş keçirib. Tərəflər külək və günəş enerjisi layihələri üzrə əməkdaşlığı, yeni layihələrin şəbəkəyə inteqrasiyasını, həmçinin “yaşıl enerji dəhlizləri” vasitəsilə Türkiyə və Avropa bazarlarına elektrik enerjisi ixracı imkanlarını dəyərləndiriblər.
Bu müzakirələr Azərbaycanın bərpa olunan enerji istehsalını artırmaq və regional enerji bazarlarında ixrac imkanlarını genişləndirmək strategiyası baxımından əhəmiyyət daşıyır.
Azərbaycanda külək enerjisi istehsalı 27,1 dəfə artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında 841,3 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1 dəfə çoxdur.
Eyni zamanda, günəş elektrik stansiyalarında elektrik enerjisi istehsalı 10,1 faiz artaraq 533,2 milyon kilovat-saata çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkədə ümumilikdə 20 milyard 29,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bunun 15 milyard 170,3 milyon kilovat-saatı istilik elektrik stansiyalarının, 2 milyard 739,5 milyon kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb.
2030-cu ildə külək və günəş enerjisi istehsalı 4,4 milyard kVt-saatı keçə bilər
2027-ci ilin büdcə zərfinin layihəsində əksini tapan ortamüddətli makroiqtisadi proqnozlara görə, Azərbaycanda külək və günəş elektrik stansiyalarında elektrik enerjisi istehsalının 2030-cu ildə 4 milyard 408,6 milyon kilovat-saata çatacağı gözlənilir.
Bu göstərici 2027-ci il üçün proqnozlaşdırılan 3 milyard 9,3 milyon kilovat-saatla müqayisədə 46,5 faiz çoxdur.
Sənədə əsasən, külək və günəş elektrik stansiyalarında istehsalın 2028-ci ildə 4 milyard 384,6 milyon kilovat-saat, 2029-cu ildə isə 4 milyard 414,3 milyon kilovat-saat olacağı proqnozlaşdırılır.
Ortamüddətli dövr üçün energetika sektorunda “yaşıl keçid”in sürətləndirilməsi, yeni generasiya güclərinin yaradılması, elektrik şəbəkəsinin müasirləşdirilməsi və bərpa olunan enerji mənbələrinin payının artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib.
İstilik elektrik stansiyalarında qaz istehlakının azaldılması gözlənilir
Proqnozlara görə, istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı 2030-cu ildə 24 milyard 283,5 milyon kilovat-saata çatacaq.
Eyni zamanda, həmin stansiyalarda təbii qaz istehlakının 2027-ci illə müqayisədə 34,8 faiz azalaraq 1 milyard 572,8 milyon kubmetr təşkil edəcəyi gözlənilir.
Bu hədəflər elektrik enerjisi istehsalında səmərəliliyin artırılması və enerji balansında bərpa olunan mənbələrin rolunun genişləndirilməsi istiqamətində planlarla əlaqəlidir.
“ACWA Power” Azərbaycanın yaşıl enerji sektorunda əsas investorlarındandır
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanın bərpa olunan enerji sektorunda əsas xarici investorlarından biridir. Şirkət ölkəmizdə 240 MVt gücündə Xızı–Abşeron Külək Elektrik Stansiyasının layihəsini həyata keçirib.
Bundan əlavə, Azərbaycanla şirkət arasında külək enerjisi, enerji saxlanc sistemləri və “yaşıl hidrogen” sahələrində əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Azərbaycanın yaşıl enerji ixracı planlarında beynəlxalq enerji dəhlizlərinin yaradılması da mühüm yer tutur. Türkiyə və Avropa bazarlarına elektrik enerjisi nəqli imkanlarının reallaşması yeni bərpa olunan enerji layihələrinin inkişafı, şəbəkə infrastrukturunun genişləndirilməsi və regional enerji bağlantılarının qurulması ilə birbaşa bağlıdır.



