Reklam
Reklam
Reklam

Elçin Qədimov: “Brendli yaşayış kompleksləri mənzilləri 20-40% baha satmağa imkan verir”

Brendli yaşayış kompleksləri tikinti şirkətlərinə adi yaşayış obyektləri ilə müqayisədə mənzilləri 20-40 faiz daha yüksək qiymətə təklif etmək imkanı yaradır. Bununla belə, beynəlxalq brendlə əməkdaşlıq layihənin xərclərini də artıra bilər.

PostNews xəbər verir ki, bunu “PASHA Real Estate Group” şirkətinin kommersiya direktoru və beynəlxalq layihələr üzrə baş direktoru Elçin Qədimov AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində bildirib.

Onun sözlərinə görə, brendli yaşayış komplekslərinin əsas üstünlüklərindən biri prestij və bazarda tanınmadır. Bununla yanaşı, brendin özü və onun məhsullarının istehlakçılar arasında tanınması da layihənin satış imkanlarına təsir göstərə bilər.

Elçin Qədimov qeyd edib ki, hazırda bazarda NH və IKA kimi brendlərin adı ilə təqdim olunan yaşayış kompleksləri də mövcuddur. Bəzi hallarda məhsulun və brendin tanınması tikinti şirkətinin adından daha böyük əhəmiyyət daşıya bilər.

Brendli mənzillərin qiymət üstünlüyü 20-40 faiz təşkil edir

Elçin Qədimov bildirib ki, şirkətin fəaliyyət göstərdiyi Azərbaycanda və digər ölkələrdə brendli yaşayış komplekslərinin qiymət üstünlüyü adi yaşayış obyektləri ilə müqayisədə 20-40 faiz təşkil edir.

Onun sözlərinə görə, hotel brendləri layihələrin tanınmasını və prestijini artırır. Belə brendlərin iştirak etdiyi layihələrin əksəriyyətində hotelin də yaradılması nəzərdə tutulur.

Bununla yanaşı, “Armani” və “Dolce & Gabbana” kimi həyat tərzi (lifestyle) brendləri ilə əməkdaşlıq tikinti şirkətlərinin xərclərini əhəmiyyətli dərəcədə artıra bilər.

Bu, müəyyən mebel, material və parçalardan istifadə ilə bağlı tələblərdən irəli gəlir. Şirkət nümayəndəsi vurğulayıb ki, xərclərin artması hər zaman layihənin tikinti şirkəti üçün dəyərinin eyni nisbətdə yüksəlməsi ilə nəticələnmir.

Beynəlxalq brendlər yeni bazarlarda tanınmanı sürətləndirir

Elçin Qədimovun sözlərinə görə, “PASHA Real Estate Group” təxminən 20 ildir bazarda fəaliyyət göstərir. Şirkət əsasən Azərbaycanda işləyib, son beş ildə isə beynəlxalq fəaliyyətini genişləndirib. Hazırda Azərbaycan da daxil olmaqla, altı ölkədə təmsil olunur.

O bildirib ki, yeni bazara daxil olan tikinti şirkətinin keyfiyyətli daşınmaz əmlak obyektləri təklif edən və onların uzunmüddətli dəyərini qoruyan şirkət kimi tanınması üçün 8-10 il vaxt tələb oluna bilər.

Belə şəraitdə beynəlxalq brendlə əməkdaşlıq tikinti şirkətinin tanınmasını artırmaq və satış prosesini sürətləndirmək vasitələrindən birinə çevrilir.

Elçin Qədimovun fikrincə, brendli yaşayış layihələri tikinti şirkətlərinə bazarda fərqlənmək, alıcıların etimadını qazanmaq və məhsullarını daha yüksək qiymətə təqdim etmək imkanı yaradır.

Paylaş: