Reklam
Reklam
Reklam

Millət vəkili Vüqar İskəndərov Azərbaycanda daşınmaz əmlak bazarının perspektivlərini açıqlayıb

Azərbaycanda daşınmaz əmlak və tikinti sektorunun inkişafı şəhərsalma proseslərinə, məşğulluğa və iqtisadiyyatın əlaqəli sahələrinə müsbət təsir göstərir. Bakıda yeni yaşayış komplekslərinin və müasir infrastruktur layihələrinin həyata keçirilməsi şəhərin simasını dəyişməklə yanaşı, mənzil bazarında da yeni tendensiyalar formalaşdırır.

Milli Məclisin deputatı Vüqar İskəndərov AIREX 2026 – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində PostNews-a açıqlamasında sektorun inkişaf perspektivləri, qanunvericilik bazasının təkmilləşdirilməsi və dövlətin bu sahəyə diqqəti barədə fikirlərini bölüşüb.

V.İskəndərov Azərbaycanın, xüsusilə Bakı şəhərinin sürətlə inkişaf etdiyini və paytaxtın daha müasir, funksional və yaşayış üçün rahat şəhərə çevrilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini bildirib.

Deputatın sözlərinə görə, bu prosesdə həm dövlətin siyasi iradəsi, həm də özəl sektorun fəallığı mühüm rol oynayır. Dövlətin müəyyən etdiyi inkişaf istiqamətləri biznes nümayəndələri tərəfindən dəstəklənir və nəticədə şəhərin müxtəlif ərazilərində yeni layihələr reallaşdırılır.

O qeyd edib ki, Bakının keçmişdə sənaye zonası kimi tanınan ərazilərinin müasir şəhər məkanlarına çevrilməsi bu dəyişikliklərin bariz nümunələrindəndir. Xüsusilə Ağ Şəhər layihəsi paytaxtın urbanistik inkişafında mühüm mərhələ hesab olunur.

Deputat paytaxtda sıxlıq və nəqliyyat tıxacları kimi problemlərin mövcudluğunu da diqqətə çatdırıb. Bununla belə, bu çətinliklərin böyük şəhərlərin inkişaf prosesində müşahidə olunduğunu və müvafiq dövlət qurumları tərəfindən həlli istiqamətində işlər aparıldığını vurğulayıb.

Daşınmaz əmlak sektorunun inkişafı digər sahələrə də təsir göstərir

Vüqar İskəndərov hesab edir ki, daşınmaz əmlak bazarındakı canlanma yalnız tikinti sektorunun inkişafı ilə məhdudlaşmır. Bu sahədə həyata keçirilən layihələr iqtisadiyyatın bir çox istiqamətində əlavə fəaliyyət və məşğulluq imkanları yaradır.

Deputat bildirib ki, yeni binanın tikintisi inşaat materiallarının istehsalı və satışı, tikinti işləri, ictimai iaşə, mebel istehsalı, təmir xidmətləri və elektronika bazarı da daxil olmaqla, bir sıra sahələrə tələbat formalaşdırır:

“Daşınmaz əmlak bazarının inkişafı ölkə iqtisadiyyatının digər sahələrinə də müsbət təsir göstərir. Çünki bu sektor bir çox istiqamətlə qarşılıqlı əlaqədədir. Məsələn, bir binanın tikintisi inşaat materiallarına tələbat yaradır, tikinti prosesində çoxsaylı insanlar çalışır və yeni iş yerləri formalaşır.

Daha sonra həmin mənzillərin təmiri, mebel və məişət avadanlıqlarının alınması, elektronika və digər xidmətlərə ehtiyac yaranır. Beləliklə, bir sahədəki inkişaf digər sektorları da hərəkətə gətirir. Nəticədə həm məşğulluq artır, həm iqtisadi fəallıq genişlənir, həm də şəhərin ümumi görünüşü dəyişir”.

Deputat AIREX 2026 sərgisində təqdim olunan layihələrin müasir memarlıq və tikinti standartlarına uyğunluğuna da diqqət çəkib. Onun fikrincə, bu cür platformalar Azərbaycanda həyata keçirilən layihələrin miqyasını və sektorun inkişaf səviyyəsini nümayiş etdirmək baxımından əhəmiyyətlidir.

Qanunvericilik bazası yeni çağırışlara uyğun yenilənməlidir

Milli Məclisin deputatı daşınmaz əmlak və tikinti sektorunun inkişafında qanunvericilik bazasının rolunu da xüsusi vurğulayıb.

Onun sözlərinə görə, bu sahədə iqtisadi fəallığın və yeni layihələrin artması qanunvericiliyin də müasir tələblərə uyğun təkmilləşdirilməsini zəruri edir.

V.İskəndərov bildirib ki, qanunvericilik dəyişən iqtisadi və sosial reallıqlara uyğunlaşmalı, həm dövlətin, həm sahibkarların, həm də vətəndaşların maraqlarını nəzərə almalıdır.

Deputat bu məsələyə münasibət bildirərkən deyib:

“Qanunvericilik daim inkişaf edən və yenilənən bir sistem olmalıdır. Dünya dəyişir, iqtisadi münasibətlər inkişaf edir və yeni çağırışlar meydana çıxır. Bu çağırışlara cavab vermək üçün qanunvericilik bazası da mütəmadi olaraq təkmilləşdirilməlidir.

Əsas məsələ qanunların həm dövlətin, həm sahibkarların, həm də vətəndaşların maraqlarını qorumasıdır. Sahibkar biznes qurur, investisiya yatırır, insanlar üçün iş yerləri yaradır. Ona görə də qanunvericilik elə formalaşdırılmalıdır ki, sahibkarların fəaliyyətinə imkan yaradılsın, sənədləşmə və inzibati prosedurlar mümkün qədər əlçatan olsun. Eyni zamanda, bütün proseslər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.

Düşünürəm ki, gələcəkdə bu sahədə yeni ehtiyaclar və çağırışlar yarandıqca qanunvericiliyə də müvafiq dəyişikliklər ediləcək və bu, sektorun inkişafına əlavə təkan verəcək”.

Prezidentin AIREX 2026-da iştirakı sektora diqqətin göstəricisidir

Vüqar İskəndərov Prezident İlham Əliyevin AIREX 2026 sərgisinin açılışında iştirakını dövlət səviyyəsində daşınmaz əmlak və şəhərsalma sektoruna göstərilən diqqətin mühüm ifadəsi kimi qiymətləndirib.

Deputatın fikrincə, ölkə başçısının bu cür tədbirlərdə iştirakı yalnız sahibkarlar üçün deyil, bütövlükdə cəmiyyət üçün də stimullaşdırıcı əhəmiyyət daşıyır.

O bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi inkişaf, beynəlxalq nüfuzunun yüksəlməsi və ölkədə sabitliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu siyasətin mühüm məqsədlərindən biri də vətəndaşların rifahının yüksəldilməsi və daha rahat yaşayış şəraitinin təmin edilməsidir:

“Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın son illərdə əldə etdiyi inkişafın və beynəlxalq nüfuzunun yüksəlməsinin arxasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dayanır. Dövlət başçısının əsas diqqət yetirdiyi məsələlərdən biri də Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, onların sabit və təhlükəsiz ölkədə yaşamasının təmin olunmasıdır.

Prezidentin sərgilərdə, müxtəlif layihələrin təqdimatlarında və ölkənin ayrı-ayrı bölgələrində həyata keçirilən işlərdə iştirakı bu sahələrə göstərilən diqqətin nümunəsidir. Bu, həm sahibkarlar, həm də sadə vətəndaşlar üçün mühüm stimul yaradır.

İnanıram ki, bu inkişaf prosesi davamlı olacaq. Dövlət başçısının göstərdiyi nümunə digər dövlət qurumlarını, iş adamlarını və vətəndaşları da ölkənin ümumi inkişafına töhfə verməyə təşviq edir”.

Deputat hesab edir ki, daşınmaz əmlak sektorunun inkişafı, yeni investisiya layihələrinin həyata keçirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi Azərbaycanın şəhərsalma və iqtisadi inkişaf prosesinə əlavə imkanlar qazandıracaq.

Paylaş: