Reklam
Reklam
Reklam

Oqtay Məmmədov: “Yaxta biznesi Azərbaycanda perspektivli investisiya istiqamətlərindən biridir”

Azərbaycanda daşınmaz əmlak, yaxta satışı və bu sahədə marketinq xidmətləri yeni investisiya imkanları yaradan istiqamətlər sırasındadır. Xüsusilə yerli istehsalın inkişafı, xarici bazarlara çıxış və yaxtaların turizm məqsədilə istifadəsi sektorun perspektivlərini artırır.

“Evıx Real Estate and Yachts” şirkətinin rəhbəri Oqtay Məmmədov PostNews-a müsahibəsində şirkətin fəaliyyət istiqamətləri, Azərbaycanda yaxta bazarının inkişaf perspektivləri, yerli istehsalın üstünlükləri və bu sahəyə investisiya imkanları barədə danışıb.

– İlk növbədə, şirkətinizin fəaliyyəti və əsas iş istiqamətləri barədə məlumat verməyinizi istərdik.

– Şirkətimiz daşınmaz əmlak və yaxta sektorlarında fəaliyyət göstərir. Əsas istiqamətlərimizdən biri Azərbaycan daxilində və xarici bazarlarda satış və marketinq xidmətlərinin təşkilidir.

Hazırda əsas diqqətimizi Azərbaycanda istehsal olunan yaxtaların təqdimatına yönəltmişik. Bu istiqamətdə Türkiyə tərəfdaşımızla əməkdaşlıq edirik və həmin şirkətin məhsullarının Azərbaycanda eksklüziv satışını həyata keçiririk. Eyni zamanda, məhsulların həm yerli, həm də xarici bazarlarda tanıdılması və satışının təşkili istiqamətində çalışırıq.

İnanıram ki, bu sərgi yalnız yerli vətəndaşlar üçün deyil, xarici ziyarətçilər üçün də maraqlı və faydalı platformadır. Burada yaxtaçılıq sahəsindəki yenilikləri təqdim etmək, potensial müştəriləri məlumatlandırmaq və sektora marağı artırmaq imkanı var. Ümid edirəm ki, növbəti illərdə daha böyük layihələr və yeni şirkətlərin iştirakı ilə bu sərgi daha geniş miqyas alacaq.

– Yaxta sektoru Azərbaycan bazarı üçün nisbətən yeni və xüsusi maraq dairəsinə malik sahə hesab olunur. Sizcə, bu istiqamətin yerli bazarda inkişaf potensialı nə dərəcədədir?

– Əslində, yaxtaçılıq Azərbaycan üçün tamamilə yeni sahə deyil. Bu məhsulların istehsalı artıq 12 ildir davam edir. Sadəcə olaraq, hazırda bizim əsas fəaliyyətimiz istehsal prosesinə marketinq və satış dəstəyi göstərmək, məhsulların daha geniş auditoriyaya çatdırılmasını təmin etməkdir.

Bu sahəyə marağın olmasının bir sıra obyektiv səbəbləri var. İlk növbədə, yerli istehsalın üstünlüklərini qeyd etmək istərdim. Azərbaycanda istehsal olunan məhsullar keyfiyyət və qiymət baxımından rəqabətqabiliyyətlidir. Türkiyədən hazır məhsul gətirildikdə gömrük rüsumları və digər əlavə xərclər yarana bilər. Yerli istehsal isə bu baxımdan daha əlverişli qiymət təklif etməyə imkan verir.

Digər mühüm üstünlük texniki xidmət və təmir imkanlarıdır. Bizim öz istehsal və texniki xidmət infrastrukturumuz mövcuddur. Bu da yaxtalarda yarana biləcək problemlərin daha qısa müddətdə aradan qaldırılmasına şərait yaradır.

Düşünürəm ki, bu üstünlüklər gələcəkdə bazarın genişlənməsinə, yeni layihələrin həyata keçirilməsinə və sektorun daha da inkişafına müsbət təsir göstərəcək.

– Yaxtalar həm premium seqmentin məhsulu, həm də turistlərin maraq göstərdiyi istirahət vasitələrindən biridir. Şirkət olaraq bu bazarın investisiya və turizm potensialını necə qiymətləndirirsiniz?

– Bizim fəaliyyətimiz əsasən tərəfdaş şirkətin istehsal etdiyi yaxtaların satışının təşkili ilə bağlıdır. Turizm istiqamətində isə ayrıca investisiya imkanları mövcuddur.

Məsələn, bəzi investorlar yaxtaları şəxsi istifadə məqsədilə almaqla yanaşı, sonradan onları turistlərə icarəyə verirlər. Beləliklə, yaxta həm sahibinin istifadəsində olur, həm də müəyyən gəlir gətirən investisiya aktivinə çevrilir.

Bu baxımdan, yaxtaçılıq maraqlı investisiya istiqaməti hesab oluna bilər. Xüsusilə yaxtaların bazar dəyərində baş verən artım da diqqət çəkir. Məsələn, iki il əvvəl təxminən 14 metrlik bir yaxtanın satış qiyməti ilə hazırkı bazar qiyməti arasında ciddi fərq yaranıb. Belə nümunələrdə qiymət artımı 50 faizə qədər çatır.

Təbii ki, hər bir investisiya qərarı fərdi qiymətləndirilməlidir. Yaxtanın alınması, icarəyə verilməsi və saxlanılması ilə bağlı xərclər də nəzərə alınmalıdır. Bununla belə, düzgün idarəetmə və uyğun biznes modeli seçildiyi halda, bu sahə gəlir əldə etmək üçün perspektivli imkanlar yarada bilər.

– Yaxtaların qiymətləri hansı məbləğdən başlayır? Bu məhsulları almaq istəyənlər üçün qiymət aralığı barədə nə deyə bilərsiniz?

– Bu suala konkret minimum qiymət göstərməklə cavab vermək çətindir. Çünki yaxtaların qiyməti bir çox amildən, o cümlədən ölçüsündən, texniki göstəricilərindən, istifadə olunan materiallardan və komplektasiyasından asılıdır.

Yaxta müəyyən mənada bahalı avtomobilə bənzəyir. Müştərinin istəyinə uyğun olaraq onun hər bir detalı, texniki təchizatı və komplektasiyası dəyişə bilər. Buna görə də qiymət hər bir sifariş üzrə fərdi qaydada müəyyənləşdirilir.

Maraqlanan şəxslər şirkətimizə müraciət edərək istəklərinə və büdcələrinə uyğun təkliflər əldə edə bilərlər.

Paylaş: