Reklam
Reklam
Reklam

Bakının 2040-cı ilədək polisentik şəhər modelinə keçirilməsi planlaşdırılır

Bakının 2040-cı ilədək polisentik şəhər modelinə keçirilməsi, paytaxtda 15 dəqiqəlik şəhər konsepsiyasının tətbiqi və adambaşına düşən ictimai yaşıllıq sahəsinin 3,5 kvadratmetrdən 8,7 kvadratmetrə çatdırılması nəzərdə tutulur.

PostNews xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov AIREX 2026 – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Bakı tarixən İçərişəhərdən başlayan inkişaf yolu keçərək hazırda Abşeron yarımadasının böyük hissəsini əhatə edən geniş şəhər aqlomerasiyasına çevrilib.

Riad Qasımov qeyd edib ki, Sumqayıt və Xırdalan inzibati baxımdan Bakıdan ayrı şəhərlər olsa da, urbanizasiya prosesləri nəticəsində vahid böyük şəhər məkanının formalaşmasında mühüm rol oynayır.

Bakı 2040: Baş planın dörd əsas prinsipi

Riad Qasımovun sözlərinə görə, Bakı şəhərinin Baş planı dörd əsas prinsip üzərində qurulub:

  • Dayanıqlı şəhər inkişafı;
  • Şəhər və ətraf mühitin regenerasiyası;
  • Tarixi-memarlıq irsinin qorunması;
  • Yeni şəhər iqtisadiyyatının formalaşdırılması.

Baş planın əsas hədəflərindən biri 2040-cı ilədək Bakının polisentik şəhər modelinə keçirilməsidir. Bu model paytaxtın müxtəlif ərazilərində altmərkəzlərin inkişafını, onların iqtisadi və funksional baxımdan bir-birini tamamlamasını, eləcə də səmərəli nəqliyyat əlaqələrinin yaradılmasını nəzərdə tutur.

Bakıda 15 dəqiqəlik şəhər konsepsiyası tətbiq olunacaq

Baş plan çərçivəsində 15 dəqiqəlik şəhər konsepsiyasının tətbiqi də planlaşdırılır.

Bu yanaşmanın əsas məqsədi sakinlərin gündəlik ehtiyac duyduqları xidmətlərə, sosial infrastruktura və digər vacib məkanlara qısa müddətdə çıxışını təmin etməkdir.

Beləliklə, şəhərin müxtəlif ərazilərində zəruri xidmətlərin əlçatanlığının artırılması və gündəlik ehtiyaclar üçün uzun məsafələr qət etmək zərurətinin azaldılması hədəflənir.

Bakıda adambaşına düşən yaşıllıq sahəsi 8,7 kvadratmetrə çatdırılacaq

Riad Qasımov ekoloji məsələlərin də Bakı şəhərinin Baş planında prioritet istiqamətlərdən olduğunu bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə Bakıda adambaşına düşən ictimai yaşıllıq sahəsi 3,5 kvadratmetr təşkil edib. 2040-cı ilədək bu göstəricinin 8,7 kvadratmetrə çatdırılması planlaşdırılır.

Bu məqsədlə Böyükşor, Zığ, Xocəsən və digər göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, çirklənmiş ərazilərin bərpası və şəhərin müxtəlif hissələrini birləşdirən hibrid yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur.

Baş İdarə rəisi Böyükşor gölü ətrafında bu istiqamətdə işlərə artıq başlanıldığını da diqqətə çatdırıb.

Paylaş: