Bakıda Mərkəzi Park layihəsinin 21 hektar ərazini əhatə edəcək dördüncü mərhələsi icra olunur. Paytaxtın şəhərsalma layihələrindən biri olan White City isə keçmiş sənaye ərazisinin yaşayış, biznes və ictimai məkanları birləşdirən müasir şəhər rayonuna çevrilməsini nəzərdə tutur.
PostNews xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov AIREX 2026 – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində çıxışı zamanı bildirib.
Mərkəzi Parkın dördüncü mərhələsi 21 hektarı əhatə edəcək
Riad Qasımovun sözlərinə görə, Mərkəzi Park layihəsinin birinci mərhələsinin icrasına 2019-cu ildə başlanılıb və bu mərhələ 20 hektar ərazini əhatə edib.
Layihənin 6,4 hektarlıq ikinci mərhələsinə 2022-ci ildə start verilib, işlər 2024-cü ildə başa çatdırılıb.
Hazırda isə layihənin ən böyük mərhələsi olan dördüncü mərhələ həyata keçirilir. Bu mərhələnin 21 hektar ərazini əhatə edəcəyi bildirilir.
White City keçmiş sənaye ərazisini müasir şəhər rayonuna çevirir
Riad Qasımov çıxışında White City layihəsinə də toxunub. O bildirib ki, əvvəllər “Qara şəhər” kimi tanınan keçmiş sənaye ərazisinin müasir və çoxfunksiyalı şəhər rayonuna çevrilməsi Bakının əsas şəhərsalma yenilənməsi layihələrindən biridir.
Layihə yaşayış məhəllələrini, biznes obyektlərini, yaşıllıq sahələrini və ictimai məkanları əhatə edir.
Baş İdarə rəisinin sözlərinə görə, White City layihəsinin əsas istiqamətlərinə keçmiş neft sənayesi obyektlərinin yerləşdiyi ərazinin ekoloji bərpası, yaşayış, kommersiya və biznes infrastrukturunun inkişafı, parkların, ictimai meydanların və piyada zonalarının yaradılması daxildir.
Yeni yollar, piyada körpüləri və sahilyanı məkanlar yaradılacaq
Layihə çərçivəsində yeni yolların və piyada körpülərinin tikintisi, nəqliyyat əlaqələrinin inkişafı da nəzərdə tutulur. Bu zaman metronun gələcəkdə genişləndirilməsi perspektivlərinin nəzərə alınması planlaşdırılır.
Bundan əlavə, sahilyanı ərazilərin Bakı Dənizkənarı Bulvarı və rekreasiya zonaları ilə inteqrasiyası layihənin istiqamətlərindən biridir.
Riad Qasımov paytaxtın şəhər mühitinin dəyişdirilməsində yaşıllaşdırma işlərinin də mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, yeni parkların salınması, mövcud ictimai məkanların yenidən qurulması və yaşıl infrastrukturun genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir.
Gələcəkdə yeni park və bağların paytaxtın yaşıl dəhlizlərinin bir hissəsinə çevrilməsi nəzərdə tutulur. Bu layihələr çərçivəsində istirahət və ünsiyyət üçün ictimai məkanların, piyada marşrutlarının, idman obyektlərinin və aktiv istirahət zonalarının yaradılması planlaşdırılır.



