Reklam
Reklam
Reklam

PASHA Real Estate Daşkənddə Ritz-Carlton layihəsini 2028-ci ilin yayında tamamlayacaq

“PASHA Real Estate Group” Daşkənddə “Ritz-Carlton” brendi altında otel və rezidensiyaların, eləcə də JW brendi altında yaşayış qüllələrinin inşasını 2028-ci ilin yayında başa çatdırmağı planlaşdırır. Təxminən 700 rezidensiyanı əhatə edən layihə üzrə daşınmaz əmlak satışına 2027-ci ilin IV rübündə başlanması nəzərdə tutulur.

PostNews xəbər verir ki, bu barədə “PASHA Real Estate Group” şirkətinin kommersiya direktoru və beynəlxalq layihələr üzrə baş direktoru Elçin Qədimov AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihənin tikintisinə 2025-ci ilin əvvəlində başlanılıb. Kompleksə “Ritz-Carlton” brendi altında fəaliyyət göstərəcək otel binası və həmin brendin rezidensiyaları, həmçinin JW brendi altında mənzillərin yerləşəcəyi iki hündürmərtəbəli yaşayış qülləsi daxildir.

Daşkənddə 700-ə yaxın rezidensiya inşa ediləcək

Elçin Qədimovun sözlərinə görə, layihə çərçivəsində “Ritz-Carlton” və JW brendləri altında ümumilikdə təxminən 700 rezidensiyanın yaradılması planlaşdırılır.

Kompleksin ərazisində restoranların, salonların və butiklərin yerləşəcəyi piyada zonasının da salınması nəzərdə tutulur.

Layihə Daşkənddə “Milliy Bog” ərazisində, Mərkəzi Parkın yaxınlığında yerləşir. Şirkət nümayəndəsi təqdim olunan fotoda görünən ətraf landşaftın layihənin həyata keçiriləcəyi real əraziyə uyğun olduğunu, görüntünün kompüter qrafikası ilə hazırlanmadığını bildirib.

Daşkənd layihəsində satışlar 2027-ci ilin sonunda başlayacaq

Şirkətin planına əsasən, daşınmaz əmlakın satışına 2027-ci ilin dördüncü rübündə başlanacaq. Tikinti işlərinin isə 2028-ci ilin yayında tamamlanması nəzərdə tutulur.

AIREX 2026 sərgisində 70-dən çox şirkət iştirak edir

Qeyd edək ki, Bakıda Azərbaycanın daşınmaz əmlak və investisiyalar üzrə ilk ixtisaslaşmış beynəlxalq sərgisi olan AIREX 2026 keçirilir.

Noyabrın 4-dən 6-dək davam edən sərgidə Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən 70-dən çox yerli və xarici şirkət iştirak edir.

Tədbiri təxminən 20 min nəfərin ziyarət edəcəyi gözlənilir. Sərgi potensial mənzil alıcılarını, investorları və daşınmaz əmlak bazarının peşəkar iştirakçılarını bir araya gətirir. Ziyarətçilər yerli və beynəlxalq layihələrlə tanış olmaq, onların xüsusiyyətləri və inkişaf perspektivləri barədə məlumat almaq, həmçinin şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edirlər.

Paylaş: