Reklam
Reklam
Reklam

Rəhman Hacıyev Qarabağda daşınmaz əmlak bazarından danışıb

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri Qarabağda yeni daşınmaz əmlak bazarının formalaşmasına şərait yaradır. Yerli və xarici şirkətlər bölgədə yalnız podratçı kimi deyil, investor qismində də fəaliyyət göstərmək imkanlarını nəzərdən keçirirlər.

PostNews xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

AIREX 2026 daşınmaz əmlak sektorunda yeni platformadır

Rəhman Hacıyev Azərbaycanda daşınmaz əmlak sahəsində ixtisaslaşmış beynəlxalq sərginin təşkilini mühüm hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, indiyədək ölkədə bu sektoru əhatə edən ayrıca ixtisaslaşmış sərgi keçirilməyib.

Fondun İdarə Heyətinin sədri bildirib ki, AIREX 2026-nın təşkili daşınmaz əmlak bazarının inkişafı və bu sahədə fəaliyyət göstərən şirkətlər arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Qarabağda yeni daşınmaz əmlak bazarı formalaşır

Rəhman Hacıyev hazırda regionun ən böyük daşınmaz əmlak bazarının Qarabağda formalaşdığını qeyd edib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə onlarla kənd, yaşayış məntəqəsi və şəhər yenidən qurulur, genişmiqyaslı tikinti və abadlıq işləri aparılır. Bu baxımdan Qarabağın AIREX 2026 sərgisində təqdim olunması xüsusi əhəmiyyət daşıyır.

Fondun rəhbəri sərginin ənənəvi xarakter almasının və gələcək illərdə daha geniş miqyasda təşkil edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, növbəti sərgilərdə Qarabağda yaradılan yeni şəhərlər, yaşayış məntəqələri və daşınmaz əmlak layihələri daha geniş stendlərlə təqdim oluna bilər.

Şirkətlər Qarabağa investor kimi daxil olmaq imkanlarını nəzərdən keçirir

Qarabağda bərpa və quruculuq prosesinə qoşulmaq istəyən yerli və xarici tikinti şirkətlərinin marağından danışan Rəhman Hacıyev bildirib ki, şirkətlər artıq bölgəyə yalnız podratçı kimi deyil, investor qismində daxil olmaq imkanlarını da nəzərdən keçirirlər.

Onun sözlərinə görə, AIREX 2026-da iştirak edən bəzi şirkətlər Qarabağda artıq kommersiya xarakterli layihələr həyata keçiriblər.

Rəhman Hacıyev belə tədbirlərin bölgədə tikinti və daşınmaz əmlak bazarının inkişafına, eləcə də yeni investisiyaların cəlb edilməsinə töhfə verəcəyini bildirib.

Paylaş: