Ağdaşda təşkil olunan II Heyva Festivalı və Aqrar Biznes Festivalında yerli istehsalçılar, fermerlər, sahibkarlar və aqrar şirkətlər bir araya gəlib. Tədbirdə meyvəçilik ənənələri, kənd təsərrüfatı məhsulları ilə yanaşı, süni intellekt, robot texnologiyaları, startaplar və alternativ enerji həlləri də nümayiş etdirilib.
PostNews xəbər verir ki, noyabrın 7-də Kənd Təsərrüfatı Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivallarda dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, assosiasiyalar, fermerlər və sahibkarlar iştirak ediblər.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə tədbirin 8 Noyabr – Zəfər Gününə təsadüf etdiyini vurğulayaraq, bu tarixi günün Azərbaycan xalqının çoxillik arzularının gerçəkləşdiyi gün olduğunu bildirib. O, Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna və xalqımıza minnətdarlığını ifadə edib.
İcra başçısının sözlərinə görə, Heyva Festivalı artıq ənənəvi xarakter alaraq rayonun aqrar potensialının, milli-mədəni irsinin və turizm imkanlarının tanıdılmasına töhfə verir. Festivallar çərçivəsində müasir kənd təsərrüfatı texnologiyaları və rəqəmsal həllərin nümayiş etdirilməsi fermerlərin məlumatlandırılması və aqrar sahəyə marağın artırılması məqsədi daşıyır.
İntensiv bağların sahəsinin 70 min hektara çatdırılması hədəflənir
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında Zəfər Gününün Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbənin şəhidlərin, qazilərin, Azərbaycan Ordusunun və xalqın fədakarlığı sayəsində mümkün olduğunu qeyd edib.
Nazir kənd təsərrüfatına göstərilən dövlət dəstəyi nəticəsində aqrar sahənin, o cümlədən meyvəçiliyin inkişafı istiqamətində mühüm hədəflərin müəyyənləşdirildiyini vurğulayıb.
Məcnun Məmmədov Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müasir intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara çatdırılmasının hədəfləndiyini diqqətə çatdırıb.
Nazir Ağdaşın Heyva Festivalının rayonun aqrar potensialının, fermerlərin istehsal etdiyi məhsulların və müasir aqrar texnologiyaların nümayişi baxımından mühüm platforma olduğunu bildirib.
Deputatlar festivalların ixrac və iqtisadi potensialına diqqət çəkiblər
Milli Məclisin deputatı Sahib Alıyev bu cür tədbirlərin bağçılıq və meyvəçiliyin inkişafına, eləcə də Azərbaycanın ixrac potensialının artırılmasına töhfə verdiyini qeyd edib.
Ağdaşın tarixi ənənələrinə toxunan deputat rayonun qədim dövrlərdən ticarət və ipəkçilik mərkəzlərindən biri kimi tanındığını bildirib və festivalın gələcəkdə daha geniş miqyas alacağına əminliyini ifadə edib.
Milli Məclisin digər deputatı Məzahir Əfəndiyev Heyva Festivalı və Aqrar Biznes Festivalının Zəfər Gününün 6-cı ildönümü və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayıb.
O, Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə diqqət çəkərək, festivalların kənd təsərrüfatının inkişafının, fermer və sahibkarların əməyinin, Azərbaycanın iqtisadi potensialının, ərzaq təhlükəsizliyinin və milli həmrəyliyin təbliği baxımından əhəmiyyətini qeyd edib.
Çıxışlardan sonra tədbir iştirakçıları festival stendləri ilə tanış olublar.
Ağdaşın heyvaçılıq ənənələri və yerli məhsulları nümayiş etdirilib
İkinci dəfə təşkil olunan Heyva Festivalında Ağdaşın meyvəçilik ənənələri, yerli istehsalı və milli-mədəni irsi təqdim edilib.
Festival iştirakçılarına rayonda yetişdirilən heyva sortları, bu meyvədən hazırlanan mürəbbələr, şirniyyatlar və digər kulinariya nümunələri nümayiş etdirilib.
Tədbirin proqramında milli folklor, musiqi və rəqs çıxışları, ustad dərsləri, xalq sənətkarlığı nümunələri və müxtəlif əyləncəli tədbirlər də yer alıb.
Yerli fermerlərin, istehsalçıların və sahibkarların məhsullarının təqdim olunduğu sərgi və satış zonalarında ziyarətçilər kənd təsərrüfatı məhsulları ilə tanış olmaq, onların istehsal xüsusiyyətləri barədə məlumat almaq və məhsulları birbaşa istehsalçılardan əldə etmək imkanı qazanıblar.
Festivalda süni intellekt və alternativ enerji həlləri təqdim olunub
Tədbirin diqqətçəkən istiqamətlərindən biri müasir texnologiyalara həsr olunmuş təqdimatlar olub. Festivalda robot texnologiyaları, süni intellekt, startap layihələri və alternativ enerji sahəsində innovativ həllər nümayiş etdirilib.
Təqdimatlarda texnologiyaların müxtəlif sahələrdə tətbiqi, rəqəmsal həllərin əhəmiyyəti və innovativ sahibkarlığın yaratdığı imkanlar diqqətə çatdırılıb.
Festival çərçivəsində “Aqrar inkişafda rəqəmsal və yaşıl sinerji” mövzusunda panel müzakirəsi də keçirilib.
Müzakirələrdə aqrar sahədə rəqəmsal texnologiyaların tətbiqi, innovativ həllərin istehsal proseslərinə inteqrasiyası, bərpaolunan enerji mənbələrindən istifadə imkanları və yaşıl iqtisadiyyata keçidin kənd təsərrüfatının dayanıqlı inkişafındakı rolu müzakirə olunub.
Paneldə Ağdaş Rayon İcra Hakimiyyətinin, Aqrar İnnovasiya Mərkəzinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri spiker qismində iştirak ediblər. Müzakirəyə Digital Umbrella şirkətinin nümayəndəsi moderatorluq edib.
Aqrar Biznes Festivalında şirkətlər məhsul və xidmətlərini təqdim ediblər
Heyva Festivalı ilə paralel təşkil olunan Aqrar Biznes Festivalında Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, eləcə də kənd təsərrüfatı təyinatlı məhsul və xidmətlər təqdim edən özəl şirkətlər iştirak ediblər.
Şirkətlər aqrar sahədə tətbiq olunan yenilikləri, fermer təsərrüfatlarının inkişafına yönəlmiş həlləri, məhsul və xidmətlərini, həmçinin sahibkarlar üçün təklif etdikləri imkanları nümayiş etdiriblər.
Beləliklə, Ağdaşda keçirilən hər iki festival yerli istehsalçıların məhsullarının tanıdılması, aqrar biznes əlaqələrinin genişləndirilməsi, müasir texnologiyaların kənd təsərrüfatına inteqrasiyası və rayonun iqtisadi-turizm potensialının təşviqi üçün platforma rolunu oynayıb.



